Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 02:15
Bakı. Trend:
Mətbuat Şurası KİV-ləri rəsmi mənbəyi olmayan bilgilərin təqdimatından uzaq durmağa çağırır.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mətbuat Şurasının məlumatında deyilir.
Məlumatda bildirilir: "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumatında media orqanları ilə bağlı bir sıra məqamlar əksini tapıb. Bildirilib ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir. Həmçinin KİV-lərdən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmağın və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələrinin tələb olunduğu önə çəkilib.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası özünün 4 mart 2020-ci il tarixdə yaydığı məlumatında da koronavirusla bağlı təşviş, qorxu, həyəcan yaradan çoxsaylı əsassız mülahizələrə rast gəlindiyini bildirmiş, bunun peşəkarlıqdan tam uzaq mahiyyətini vurğulamış, KİV-lər belə durumlarda həssaslıq, soyuqqanlılıq nümayişinə çağırılmışdı. Azərbaycan Mətbuat Şurası koronavirus epidemiyasına qarşı bütün ölkə miqyasında genişmiqyaslı tədbirlərin gerçəkləşdirildiyi hazırkı vəziyyətdə bir daha bildirir ki, medianın prosesə ən böyük töhfəsi peşəkarlıqdır. Peşəkarlıq rəsmi qurumların məlumatlarına istinad, müxtəlif yollarla əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır.
Operativ Qərargahın məlumatından da göründüyü kimi, koronavirusla bağlı xəbər olaraq yayılmış materiallar ciddi şəkildə diqqətdə saxlanılır və saxlanılacaqdır. Buna görə də Şura KİV-ləri rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş bilgilərin təqdimatından uzaq durmağa çağırır. Jurnalistlər nəzərə almalıdırlar ki, indiki şəraitdə cəmiyyət üçün həssas olan mövzunun işıqlandırılmasında obyektivlik nümayişi, tələskənliyə yol verməmək, yalnız həqiqətləri qələmə almaq nəinki peşə, eyni zamanda vətənpərvərlik borcudur. Bu məsuliyyəti hər bir media təmsilçisi əməli fəaliyyət prioritetinə çevirməlidir".