Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 16:21
Bakı. Trend:
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin “Qaynar xətti”nə vətəndaş tərəfindən depo apteklərində satılan “Azarga” adlanan göz damcısından şikayət daxil olub.
Mərkəzdən Trend-ə verilən məlumata görə, şikayət əsasında əczaçılıq subyektləri ilə iş şöbəsinin əməkdaşları həmin apteklərdə satılan bu göz damcılarını müvafiq laboratoriya analizlərinin aparılması üçün mərkəzin dərmanların keyfiyyətinə nəzarət laboratoriyasına təqdim ediblər.
Dərmanların keyfiyyətinə nəzarət laboratoriyasının apardığı müvafiq analizlərin nəticəsində təqdim edilən nümunənin dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi və qablaşmasının təsdiqlənməmiş olması, nümunənin tərkibində qablaşmasının üzərində istehsalçı tərəfindən mövcudluğu haqqında məlumat verilib, “Brinzolamid” və “Timolol maleate” adlı fəal təsiredici maddələrin aşkar edilməməsi, həmçinin nümunənin “pH göstəricisi”nin istinad edilən normativ sənədlərdə müəyyən edilmiş normaya uyğun olmadığı aşkar edilib.
Bunu nəzərə alaraq üzərində istehsalçısının Belçikanın "Alcon-Couvreur N.V" müəssisəsi göstərilən, seriyası 19F27AB, yararlıq müddəti 2021-ci ilin oktyabrınadək olan “Azarga 10mq/ml + 5mq/ml 5.0 ml göz damcısı”nın idxalı, topdan və pərakəndə satışının qadağan edilməsi haqqında Analitik Ekspertiza Mərkəzi “Dərman vasitələrinin geri çağırılması Qaydası”nı rəhbər tutaraq distribüterlər və apteklərdən geri çağırılması barədə onlara məlumat göndərilib.