Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 08:34
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yarım ildən bir Nazirlər Kabinetinə ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar və "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyasının iştirakçısı olan xarici dövlətin mərkəzi orqanı tərəfindən akkreditə edilmiş orqanların Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi üçün verilən icazələr barədə hesabatları təqdim edəcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası"nda müvafiq dəyişiklik edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditə edilmiş orqanların xarici dövlətin ərazisində fəaliyyət göstərməsi üçün verilmiş razılıqlar və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri barədə də yarım ildən bir Nazirlər Kabinetinə hesabat təqdim olunacaq.
Akkreditə edilmiş orqan övladlığa götürmə haqqında məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən uşağın yetkinlik yaşına çatmasına qədər olan müddətdə övladlığa götürülmüş uşağın övladlığa götürən ailədə həyat şəraiti və tərbiyəsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hesabatları təqdim edəcək.
Qeyd edək ki, bu Qayda ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşayan uşağın övladlığa götürülməsi sahəsində hüquqi yardım göstərən orqanların akkreditasiya qaydasını, övladlığa götürmə ilə bağlı həmin orqanların hüquq və vəzifələrini, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşayan uşağın övladlığa götürülməsi sahəsində hüquqi yardımın göstərilməsi şərtlərini müəyyən edir, övladlığa götürülmüş uşaqların həyatı ilə bağlı Azərbaycan Respublikasının dövlət orqanlarının məlumatlandırılması qaydasını, bu sahədə akkreditə edilmiş hüquqi şəxslərin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasının ərazisində ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım mərkəzi orqanın akkreditə etdiyi orqanlar tərəfindən həyata keçirilə bilər. Akkreditə edilmiş orqanın fəaliyyəti qeyri-kommersiya xarakteri daşıyır. Akkreditə edilmiş orqan övladlığa götürmə ilə bağlı əsassız maliyyə qazancı və ya hər hansı başqa mənfəət əldə edə bilməz. Akkreditə edilmiş orqana yalnız övladlığa götürmə ilə bağlı xərclər, o cümlədən hüquqi yardımın göstərilməsi, işçilərin əməkhaqqı, sənədlərin tərtibatı, övladlığa götürülmüş uşaqların həyatı barədə məlumatların toplanılması üçün zəruri olan maliyyə vəsaitləri ödənilir. Akkreditə edilmiş orqanın övladlığa götürən şəxslərə göstərdiyi xidmətlərin dəyəri onlar arasında bağlanan müqavilə ilə müəyyən olunur. Akkreditasiya iki il müddətinə verilir.