Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 11:12
"Maskalar xəstə adamlara lazımdır ki, onların ağız-burun aerozolunun havaya atılmasını əngəlləsin".
Sonxeber.net yenicag.az-a istinadən bildirir ki, bu fikirləri koronavirus təhlükəsi ilə bağlı əhalini karantin qaydalarına ciddi əməl etməyə çağıran professor Adil Qeybulla deyib.
Professorun sözlərinə görə, mövcud şəraitdə bir sıra qaydalara əməl etməklə yanaşı, fiziki aktivliyə də diqqət yetirmək lazımdır:
"Əllərin, ağız və burun boşluqlarının gigiyenasına xüsusi diqqət edin. Əlləri, xüsusilə, qida qəbulundan öncə və sonra tez-tez, isti su altında, sabunla yaxşı yuyun. Bu, virusun dərinin yağ qatı ilə birgə dəridən mexaniki yolla silinib getməsinə gətirib çıxarır. Bu üsul ən əlçatan effektiv üsuldur.
Dezinfeksiyaedici məhlullardan yalnız 80%-dən yuxarı etanol (etil spirti) əsaslı olan məhlullardan istifadə edin. Əllərin spirt tərkibli antiseptiklərlə işlənməsi 30 saniyədən (80-85%-li etil spirti əsaslı gellər, məhlullar) 2 dəqiqəyə qədər (70%-li etil spirti, 1%-li xlorheksidin məhlulu) virusu zədələyir və sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatı məhz onların tətbiqini tövsiyə edir.
Boğazı isti su ilə tez-tez qarqara edin (1%-li xlorqeksidin məhlulu və ya limon qatılsa effektli olar). Boğazı qıcıqlanan şəxslər bunu daha çox etsinlər".
Adil Qeybulla qeyd edib ki, maskalardan əsasən xəstə insanlar istifadə etməlidir:
"Xəstə adamlar asqıranda və öskürəndə əmələ gələn hava-damcı aerozolu 1 metr radiusdan böyük məsafəyə yayılmaq imkanına malik deyildir. Maskalar nəfəs buxarından tez islandığından və bu səbəbdən virusu içəri drenaj edə biləcəyindən az effektli sayılır. Yalnız maska-respirator 95 və FFP (Filtering Face Piece) tipli maskalardan FFR-3 daha effektivdir.
Nəzrə alın ki, virus gözün selik qişasından da insana keçə bilər. Xüsusi eynəklər olmasa, hətta effektiv maskalar da tam təminatlı deyil. Maskaları yuyub ütüləmək, təkrar istifadə etmək olmaz.
Passivləşməyin, fiziki fəallığı artırın, idmanla məşğul olun. Bu yolla sərbəst radikallar bədəndən xaric olur, immun sistem güclənir, ağ ciyərlərin ekskursiyası və ventilyasiyası artır, durğunluq azalır, bəlğəmlə bronxdaxili hissəciklər, o cümlədən virus və bakteriyalar xaric olur.
Karantin şərtlərinin imkan verdiyi qədər açıq havada gəzin, evin havasını dəyişin. Kalorili qidalanın. Proteinli qidalar (təzə ət) və meyvə-tərəvəz (axar su altında yaxşı yumaq şərtilə) istifadə edin.
Yaxşı yatın, stressdən uzaq durun, vitamin D balansını doldurun, əks-göstərişi olmayanlar (bəzi anemiyallı xəstələr) vitamin C 500 mg-a qədər 7 gün müddətində gündəlik qəbul edə bilərlər. Xəstəxanalarda boş kabinetləri Kvars lampalı ultrabənövşəyi şüalarla dezinfeksiya etmək tövsiyə edilir".