Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 17:16
Ömrünü idmana həsr edən Tovuzun Qədirli kənd məktəbinin idman müəllimi Akif Böyükkişiyev peşəkar futbolçu karyerasını başa vurduqdan sonra təmənnasız olaraq yeniyetmə futbolçular yetişdirməklə məşğuldur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 60 yaşlı veteran futbolçunun məqsədi doğma kəndində istedadlı uşaqları üzə çıxarmaq, onların diqqətini idmana yönəltməklə, zərərli vərdişlərdən uzaq tutmaqdır. Bir-biri ilə qonşu olan Xatınlı, Qədirli, Qaraxanlı və Cilovdarlı kəndlərini indi rayonun "Braziliyası" adlandıranlar da var.
Akif Böyükkişiyev deyir ki, bacarıqlı uşaqlar çoxdur. Sadəcə onların qabiliyyətini üzə çıxarmaq lazımdır: "Futbola olan həvəsimə görə məktəbliləri təmənnasız olaraq hazırlayıram. Onlara futbolun sirlərini öyrədirəm. Bu uşaqlar arasında bacarıqlıları çoxdur. Onların arasından seçib "Turan" Peşəkar Futbol Klubuna göndəririk".
Havanın soyuq olmasına baxmayaraq, uşaqlar məşqlərə həvəslə gəlirlər. Hazırda 80-dən çox yeniyetməni çalışdıran Akif Böyükkişiyev bununla ölkə futboluna da töhfə vermək arzusundadır.
İndi bu yeniyetmələrdən idmansevərlərin gözləntiləri çoxdur. Bu uşaqlar gələcəkdə də düzgün istiqamətləndirilsələr, Azərbaycan futboluna böyük töhfələr verə bilərlər.