Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2019 18:18
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanın gündən-günə inkişafı, eyni zamanda, beynəlxalq aləmdə nüfuzunun artması anti-Azərbaycan şəbəkələrə dinclik vermir və onlar müxtəlif yollarla ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, son 15 ildə Azərbaycan böyük inkişaf yolu keçib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial və iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası davam etməkdədir. Cənab Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət xalqın maraqlarına xidmət edir. Son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib”.
O vurğulayıb ki, Azərbaycanın reallaşdırdığı transmilli enerji və nəqliyyat layihələri də ölkəmizin beynəlxalq aləmdə mövqelərini xeyli gücləndirib, Azərbaycan dünyada söz sahibinə çevrilib:
“Lakin bəzi dairələr Azərbaycanın bu inkişafından narahatdırlar, onlar Azərbaycanın qısa müddətdə belə böyük uğurlar əldə etməsini həzm edə bilmirlər. Məlumdur ki, həmin dairələr Azərbaycanda öz maraqlarını həyata keçirmək istəyirlər. Lakin müstəqil Azərbaycanda onların maraqları reallaşa bilməz. İstəkləri həyata keçmədiyinə görə isə çirkin yollara əl atırlar, ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar”.
Millət vəkili qeyd edib ki, anti-Azərbaycan qüvvələr indiyə qədər olduğu kimi, bundan sonra da heç nəyə nail ola bilməyəcəklər: “Artıq Azərbaycan güclü bir dövlətdir, ölkədə güclü xalq-iqtidar birliyi mövcuddur, xalqımız Prezident ətrafında sıx birləşib. Belə olan halda isə anti-Azərbaycan şəbəkələrin niyyətləri heç zaman həyata keçə bilməz”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin