Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 16:42
Bakı. Trend:
Dünyada koronavirus pandemiyasının yayılması ilə bir çox sahələr özlərinin fəaliyyət istiqamətlərində ciddi dəyişikliklər edirlər. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrində də bununla bağlı çoxsaylı məsələlər əksini tapır. Ümumən həyata keçirilməkdə olan məhdudlaşdırıcı tədbirlər virusun daha geniş şəkildə yayılmasının qarşısının alınması, itkiləri minimallaşdırmaq məqsədi daşıyır. Belə bir durumda media da özünün iş prinsiplərini koronavirusla mübarizəyə səfərbər etməlidir.
Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, təqdirəlayiq haldır ki, ölkəmizin kütləvi informasiya vasitələri fəaliyyətlərini mövcud reallığı dərk edərək qururlar.
Azərbaycan Mətbuat Şurası bunu yüksək qiymətləndirməklə yanaşı, media orqanlarımızın işinin daha səmərəli şəkildə təşkili üçün aşağıdakı tövsiyələri irəli sürür;
- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş tövsiyə və tələbləri, gigiyena qaydalarını təbliğ etmək, mövcud istiqamətdəki yenilikləri diqqətdə saxlamaq;
- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilmiş tövsiyə və tələbləri təbliğ etmək, dünyada mövcud istiqamətdəki reallıqları nəzərə almaq;
- Cəmiyyətə mərhəmət, xeyirxahqlıq kimi nəcib hissləri, xalqımızın adət-ənənələrindən irəli gələn dəyərləri aşılamaq;
- Dövlətə, dövlət qurumlarına inam yaratmaq. Mövcud nöqsan və çatışmazlıqların təqdimatını dövlətə inamsızlıq, etibarsızlıq motivləri ilə izah etməmək;
- Dövlət qurumlarının, ayrı-ayrı idarə, müəssisə və təşkilatların xəstəlikdən qorunmaq üçün həyata keçirdikləri fəaliyyəti təbliğ etmək, biznes sturkturlarının, müxtəlif hüqiqi və fiziki şəxslərin, vətəndaşların üzləşdikləri maliyyə itkiləri və sair məhrumiyyətlərlə bağlı materialların hazırlanmasına həssas yanaşmaq, hər hansı panikaya yol verməmək, konkret faktlara istinad etmək, real tendensiyaları vurğulamaq;
- Materialların təqdimatında faktlara əsaslanmaq. Əldə edilmiş bilgiləri ciddi şəkildə araşdırmaq, onlara tənqidi yanaşmaq, rəsmi təsdiqə nail olmaq;
- Cəmiyyətə obyektiv informasiya vermək zərurəti ilə insanlar içərisində qorxu yaradılması ehtimalı arasında balans yaratmaq. İnsanları sarsıdacaq məqamları qabartmamaqla obyektiv reallıqları önə çəkmək, daha çox koronavirusa qarşı mübarizə ruhu aşılamaq;
- Xarici mənbələrdən götürülmüş materialların təqdimatı zamanı onların həqiqətə uyğunluğuna ciddi diqqət yetirmək, müqayisəli və tənqidi yanaşmaq;
- Jurnalistlər bilməlidirlər ki, ümumən hazırkı durumda dünya üzrə koronavirusa yoluxma faizi ilə bağlı açıqlanmış rəqəmlər mövcud sahədəki vəziyyəti tam şəkildə dərk etmək, dəqiq mülahizə yürütmək üçün yetərli deyil. Buna görə də rəqəmlərə tənqidi və müqayisəli yanaşmaq şərtdir;
- Sahə üzrə ixtisaslaşmış ekspertlərə müraciət olunması. Dövlət qurumlarının, səhiyyə təşkilatlarının, tibb təhsili ocaqlarının mütəxəssislərinin rəylərinə istinad. Onların konkret mövzu üzrə mahiyyətə uyğun şəkildə biliklərini bölüşmələrinə şərait yaratmaq. Ekspertlərin fikirlərinə tənqidi və müqayisəli yanaşmaq;
- Müsahib ekspertlərin nə demək istədiklərini dəqiq şəkildə anlamaq. Həqiqətləri müəyyənləşdirmək üçün ilk baxışdan hətta sadə görünən sualların verilməsindən
çəkinməmək;
- Materialların təqdimatında terminlərdən düzgün istifadə etmək, xəbərlərdə şərhlər verməmək, zəruri hallarda şərhi xəbərdən ayırmaq;
- Mövzuya dair materialların təqdimatında mövcud qanunlara, qaydalara riayət etmək, insan hüquq və azadlıqlarının qorunmasının vacibliyi prinsipinə əməl etmək;
- Materialların təqdimatında ksenofobiya və rasizm elementlərindən uzaq durmaq. Hansısa ərazini koronavirusun yayıldığı bölgə kimi qabartmaqla həmin ərazinin insanının bəşəriyyət üçün təhlükə yaratdığına dair rəy formalaşdırmamaq;
- Xəstəliklə bağlı materialların təqdimatında foto görüntülərin seçiminə diqqətlə yanaşmaq. Bu baxımdan Asiya mənşəli şəxslərin, əsasən də çinlilərin görüntülərini koronavirusla assosiaya etməkdən uzaq durmaq;
- İllüstrasiyalarla manipulyasiyadan, sensasiyon təqdimatlardan uzaq durmaq, sosial şəbəkələrdə yayılmış fikirlərin informasiya dəyərini ciddi şəkildə yoxlamaq;
- Xəstəliyə tutulmuş insanların adlarını çəkməmək, onlar haqqındakı konkret faktları təqdim etməmək. Xəstəliyə yoluxmuş insan vəzifəli, fəaliyyəti ictimai əhəmiyyət daşıyan şəxsdirsə, bununla bağlı materialların təqdimatına həssas yanaşmaq, klişelərdən, interpretasiyalardan uzaq durmaq;
- Xəstəliyin profilaktikası, müalicəsi və müayinəsi ilə bağlı məsələlərin təqdimatına həssas yanaşmaq, bu zaman konkret məqamları önə çəkmək, tibbin və səhiyyənin prioritet seçmədiyi məsələləri irəli sürməmək;
- Peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərin koronavirusdan qorunmaq üçün təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmələri vacibdir.