Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 13:54
Bakı. Trend:
Hazırda respublika üzrə ümumilikdə 10 mindən çox tənha şəxsə evlərində gündəlik olaraq bu xidmətlər göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsinə başlanılıb.
Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərindən bəhs edərkən dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd edib, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırıb, könüllülərimizin də bu işlərə qoşulmalı olduqlarını bildirib.
Respublika üzrə 10 mindən çox yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir.
Bu sahədə işlər DOST və ASAN könüllüləri, YAP könüllüləri, həmçinin Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “SƏLİS” Birliyinin könüllüləri cəlb edilməklə yerinə yetirilir.
Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən “Azərmaş” ASC-nin təşəbbüsü olan “Böyüklərimizi qoruyaq!” sosial aksiyası da yaşlıların evdə sosial xidmətlə təminatına mühüm dəstəkdir. Aksiya çərçivəsində müəssisə sosial xidmətçi və könüllülərin çağırılan ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmələri üçün 100 avtomobil və sürücü ayırmaqla, onlara ödənişsiz taksi xidmətini təşkil edib. Bu da tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilinə yönəlib.
Eyni zamanda Fövqəladə Hallar Nazirliyi, “Azərpoçt” MMC də öz dəstəyini verməkdədir.
Sosial xidmətçilər, könüllülər və sürücülər lazımi qoruyucu vasitələrlə təmin ediliblər və xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən olunmuş məsafə saxlanılmaqla həyata keçirilir.