Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyulda həyata keçiriləcək

İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyulda həyata keçiriləcək

Tarix: 27 Mart 2020 09:44

Bakı. Trend:

İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında 504 nömrəli Qərarına dəyişiklik edilib. Qərara əsasən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi 3 mərhələdə həyata keçiriləcək. Belə ki, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi planlaşdırılan 21 inzibati ərazi vahidi, üçüncü mərhələdəki 15 inzibati ərazi vahidi ilə birgə sistemə qoşulacaq. Beləliklə, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi aprel ayında deyil, iyul ayında həyata keçiriləcək.

İyul ayının 1-dən etibarən icbari tibbi sığorta Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında tətbiq olunacaq.

Oktyabr ayının 1-dən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək.

Qərara dəyişiklik edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir. Koronavirusla bağlı respublikada yaranmış vəziyyət Agentliyin və TƏBİB-in, o cümlədən bütün tibb müəssisələrinin və tibb işçilərinin ölkədə hər an dəyişə bilən sanitar-epidemioloji vəziyyətə hazır olmalarını, onların bütün güc və səylərinin virusla ciddi mübarizəyə yönəltmələrini tələb edir.

Qeyd edək ki, hazırda icbari tibbi sığorta 23 şəhər və rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax) tətbiq edilir.


Etiketlər:  İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyulda həyata keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ