Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 11:55
Bakı. Orxan Cuvarlı - Trend:
İnsanlar hələ də başa düşmürlər ki, koronavirus infeksiyası nə qədər təhlükəlidir, nələrə gətirib çıxara bilər. 20 gün evdə qalmaqla heç nə itirmərik, əksinə, sağlamlığımızı qorumuş olarıq.
Bunu Trend-ə açıqlamasında xanəndə, Azərbaycanın xalq artisti Nəzakət Teymurova deyib.
Onun sözlərinə görə, dövlət bu məsələdə əlindən gələni edir:
“İnsanlar daha da maarifləndirilməlidir. Hələ də anlamırlar, ya da anlamaq istəmirlər ki, başımıza gələn nədir, nələrlə nəticələnə bilər. Mən vətəndaşlardan xahiş edirəm ki, cənab Prezident İlham Əliyevin çağırışlarına, aidiyyəti qurumların tövsiyələrinə ciddi şəkildə əməl etsinlər. Bunu ciddi qəbul etmək lazımdır. Özünüzü qorumaqla siz həm də yaxınlarınızı, sevdiklərinizi qorumuş olacaqsınız”.
Xalq artisti qeyd edib ki, dünyanın alışıb yandığı, qlobal bir bəlaya məruz qaldığı bir vaxtda xalqımız bunun fərqində olaraq daha ciddiyyətli, təmkinli olmalıdır:
“Gərək özünüzün ya da bir yaxınınızın başına gəlsin, sonra inanasınız? Biz 20 gün, bir ay evdə qalmaqla heç nə itirmirik, əksinə, sağlamlığımızı qorumuş oluruq. Dövlətimiz əlindən gələni edir. Bizim öhdəmizə düşən evimizdə qalmaq, həmrəylik göstərərək dövlət rəsmilərinin çağırışlarını cavabsız qoymamaqdır”.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət martın 31-dən 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.