Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir - Politoloq

Hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir - Politoloq

Tarix: 31 Mart 2020 13:36

Koronavirus bütün dünyanı cənginə almaqda davam edir. Mövcud təcrübə göstərir ki, koronavirus nə yaş, nə irq, nə ölkə, nə də sərhəd tanıyır. Yaşından asılı olmayaraq insan sağlamlığına ciddi zərərlər vurur. Bu fəsadların müalicəsi demək olar ki, yoxdur. İnsanlar anlamalıdırlar ki, bu gün dünyanın ən inkişaf etmiş dövlətləri, ən yüksək texnoloji avadanlıqlara, tibbi preparatlara malik ölkələri bu virusun qarşısının alınmasında acizdirlər. Hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, bu gün müasir texnologiyanın bizə təqdim etdiyi imkanlardan yararlanmaq lazımdır:

"Evdə qalaraq internetdə müxtəlif filmlərə baxın, mütaliə edin, ailənizlə bol zaman keçirin. Çox məyusedici haldır ki, insanlarımız xüsusi karantin rejimi qaydalarına əməl etmirlər. Belə təhlükəli bir dövrdə bu mənzərə acınacaqlıdır. Nəyə görə şəhərdə sıxlıq müşahidə olunmalıdır? Polislərin işini çətinləşdirib onların da sağlamlığını təhlükəyə atırıq. Axı polislər də, həkimlər də insandırlar. Onların da ailəsi, uşağı var. Bu günlərdə xəstələnməyə də haqqımız yoxdur. İnsan canından önəmli heç nə yoxdur. Heç birimiz bu bəladan sığortalanmamışıq. Bir insanın yoluxması bir neçə insanın yoluxması deməkdir. Avtobus oturacaqlarında 2-3 cümlədən ibarət xüsusi təlimatlar var ki, tək-tək oturmaq lazımdır. Bu iki sözü dərk etmək elə də çətin deyil. Bunun üçün ali savada, yüksək biliklərə ehtiyac yoxdur. Ən savadsız insan belə bunu dərk edə bilər. İnsanlar onu da anlamılıdırlar ki, bu daimi deyil, müvəqqəti çətinlikdir. Ərzaq üçün, məişət tullantıları üçün ailədən bircə nəfərin çıxıb evə qayıtması kifayətdir. Virusun inkubasiya müddəti və yayılma sürətini nəzərə alaraq 2 metrlik məsafəni gözləmək lazımdır".

Ş.Həsənova qeyd edib ki, fərd olaraq bu günlərdə özümüzdən tələb etdiyimiz birinci xüsusiyyət məhz məsuliyyət olmalıdır:

"Əgər mənim məsuliyyətimin bitdiyi yerdə digər bir şəxsin sağlamlığı başlayırsa deməli vətəndaş olaraq ən sadə gigiyena qaydalarına və müvafiq qurumlar tərəfindən qoyulan tələb və tövsiyələrə əməl etməli olduğumuzu dərk etməliyik. Xüsusi rejimin şərtlərini qeyd-şərtsiz yerinə yetirməliyik. "Mən qorxmuram, mənə bir şey olmaz" sözü "məni sancmayan ilan min il yaşasın" məsəli ilə eyni mənanı kəsb edir. Bu "ilan" mənim, sənin ailəndən bir nəfəri zəhərləsə, bu, əvvəla cəmiyyətin, daha geniş kontekstdə bəşəriyyətin sağlamlığı üçün təhlükədir. Çünki bu məsələ zəncirvari bir prosesdir".

Ş.Həsənova vurğulayıb ki, Azərbaycan həkimləri, polisləri, Operativ Qərargah işçiləri böyük bir bəşəri missiyanın öhdəsindən ləyaqətlə gəlirlər:

"Xalq olaraq biz də özümüzdə məsuliyyət hissimizi gücləndirməli və cəmiyyətimizin sağlamlığı naminə öz əlimizdən gələni etməliyik. Bu isə ən sadə qaydalara riayət etməkdən ibarətdir. Hamımız ən sadə həqiqətləri dərk edib, ümumi səylərimizi ortaya qoyaraq bu çağırışın da öhdəsindən gəlməliyik".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.


Etiketlər:  Hər qayda pozuntusu xəstələnmək həyatını ətrafını risk altına atmaq deməkdir Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ