Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 09:36
Bakı. Trend:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 27-30 may tarixində Azərbaycanda Beynəlxalq “Lightest” Forumu keçirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, forumda Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə bərabər, xarici mütəxəssislər də iştirak edirlər.
Bu layihə Avropa İttifaqı ilə Azərbaycan arasında transsərhəd elektron xidmətlərdə etibarlı tranzaksiyaların aparılması və identifikasiya məlumatının təsdiqinə, tərəfdaş ölkələrə məxsus elektron imzaların beynəlxalq səviyyədə qarşılıqlı tanınmasına xidmət edir.
Layihənin məqsədi sərhəd üzərindən elektron xidmətlərin aparılması üçün mövcud qlobal domenlərarası etimad infrastrukturunu (DNS) istifadə etməkdir. Bu infrastruktur xidmət təminatçılarına şəffaf və rahat elektron əməliyyatlar təqdim etməyə şərait yaradır. Avropa Birliyinə üzv dövlətlərlə təhlükəsiz elektron münasibətlərin qurulması, qlobal səviyyədə elektron xidmətlərin yaradılması, dövlətlərarası qarşılıqlı məlumat mübadiləsi "Lightest”in əhəmiyyətini daha da artırır. Layihənin icrasında Avstriya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İspaniya, Niderland, Böyük Britaniya, Türkiyədən 14 tərəfdaş iştirak edir.
Qeyd edək ki, forumun ikinci günü dünən Şamaxı şəhərində davam edib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbiri açıq elan edərək qonaqları salamlayıb, həmçinin Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürünü bildirib. O, forumda müzakirə olunan həllərin Şamaxı şəhərində də tətbiqini görmək istədiyini və gələcəkdə Şamaxıda bu tip tədbirlərin keçirilməsinin istisna olmadığını qeyd edib.
“Lightest” layihəsi ilə əməkdaşlıqdan söz açan Məlumat Hesablama Mərkəzinin rəhbəri Elnar Əsədov bu layihənin gələcəkdə Avropa ölkələri ilə apardığımız tranzaksiyalar üçün ən yaxşı texnologiya ola biləcəyini diqqətə çatdırıb.
Daha sonra təqdimatla çıxış edən Almaniyanın Fraunhofer Sənaye Mühəndisliyi üzrə Tədqiqat İnstitutunun doktoru, “Lightest” layihəsinin koordinatoru Hayko Rossnaqel “Lightest” – “qlobal etibarlılıq” layihəsi haqqında forum iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, “Qlobal elektron münasibətlərin qurulmasında qarşı tərəfin dəqiq müəyyən olunması əsas məsələlərdən biridir. “Lightest” də bu prosesdə kimliyi müəyyənləşdirən vasitə – elektron imzanın etibarlılığını, dolayısıyla da elektron imza təminatçısının (sertifikat xidmətləri mərkəzlərinin) etibarlılığını təsdiqləyəcək etimad zəncirini yaradan infrastrukturdur. Biz elektron imzanı əvəz etmirik, biz onların domenlərarası daha etibarlı olması üçün infrastrukturla təmin edirik. Bu, elektron imzanın fəaliyyətini daha da faydalı edir.
Forum Avropanın aparıcı elm-texniki mərkəzlərinin “Lightest layihəsinin biznes perspektivləri və tətbiq sahələri”, “Etimad siyasətinin təsdiqetmə alətlərinin işləkliyi – konsepsiya, dizayn və qiymətləndirmə”, “Lightest”də avtomatik etimadın təsdiqi”, “Etimad sxeminin yayınlanma mərkəzi üzrə konsepsiya və nümunə tətbiqlər”, “Etimad sxeminin dərcetmə səlahiyyətlisi – konsepsiya və tətbiqlərin nümunələri” mövzuları üzrə təqdimatlarla davam edib. Ümumilikdə çıxışlar etibarlı hesab edilən sistemlərin necə işlədiyi və daha çox bu sistemlərin texniki siyasəti barədə məlumatları əhatə edib.
Forumun üçüncü günü Bakı şəhərində davam edib. Bu gün də xarici mütəxəssislər "Lightest" haqqında müxtəlif istiqamətdə mövzularda çıxışlar ediblər.
Qeyd edək ki, "Lightest" layihəsi Avropa Birliyi ilə əlaqəsi olan bütün dövlət və özəl müəssisələr tərəfindən təqdim olunan xidmətlər üçün mühüm əhəmiyyətli həllərin yaradılması və elektron tranzaksiyalar zamanı saxta kimliklərin müəyyən edilməsi məsələlərini əhatə edir.
Bu çərçivədə görüləcək işlər müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, e-satınalma, e-ədliyyə, e-səhiyyə və hüquqi sahələrdə "Əşyalar İnterneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlığını təmin edəcək.
Xatırladaq ki, 2018-ci ilin yanvar ayında da NRYTN-in təşkilatçılığı ilə Bakıda “Lightest” – “qlobal etibarlılıq” layihəsinin təqdimatı keçirilmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin