Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 17:48
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Biləsuvar rayonuna olub.
İnstitutdan Trend-ə verilən məlumata görə, öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.
Biləsuvar Rayon İcra Hakimiyyəti Başçının birinci müavini Xanlar Məmmədov qonaqları salamlayaraq bildirib ki, respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əldə olunan tarixi nailiyyətlər məhz ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı, dövlətimizin müstəqilliyinin qarantı olan cənab Prezidentimiz İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Məhz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Təhsil strategiyasının əldə etdiyi uğurlar Azərbaycan təhsilinin dünyanın inkişaf etmiş təhsil sisteminə inteqrasiyasını təmin etmişdir. X.Bayramov qeyd edib ki, respublikamızda təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması, ümumilikdə, dövlətimizin və xalqımızın inkişafına xidmət edir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov abituriyentləri salamlayaraq, qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün onlara səylə çalışmalarını tövsiyə edib. İnstitut rəhbəri müstəqil Azərbaycanın son illərdə davamlı tərəqqi və yüksəliş dövrünü yaşadığını, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına yönələn dövlət siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bu gün elmin, təhsilin maddi-texniki bazası sürətlə inkişaf etdirilir, yeniləşir, ən müasir, qabaqcıl texnologiyalarla təmin olunur.
Aİİ rəhbəri ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Bunun ən bariz nümunəsinin Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib. Rektor ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib.
İnstitutun İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tələbələrin daha yaxşı təhsil almaları üçün İnstitutda yaradılan şəraitdən söhbət açıb. Qeyd edib ki, ali təhsil ocağında tələbələrin bilikli, savadlı, intellektli, ən əsası, peşəkar mütəxəssis kimi yetişmələri, eyni zamanda, onların dinin mahiyyətini və əsaslarını, milli-mənəvi dəyərlərimizi öyrənmələri istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
M.Mürsəlov İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bundan sonra da atılacağını bildirib. Qeyd edib ki, tədrisin keyfiyyətinin artırılmasına, müəllimlərin gündəlik fəaliyyətinə yaradıcı yanaşmalarına, tələbələrin tədrisə marağının artırılmasına, fənlər üzrə bilik və bacarıqlarının inkişafına çalışırıq.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olunmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Bundan başqa, tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini qeyd edib.
Sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.
Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin