Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 16:56
Bakı. Trend:
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə işgüzar nahar təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə Palatanın130-dan çox üzvü və tərəfdaşı iştirak edib.
“AmCham Azərbaycan”ın icraçı direktoru Natəvan Məmmədova tədbiri giriş sözü ilə açdıqdan və Palata üzvlərinin təqdimatından sonra “AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov ölkəmizdə geniş miqyaslı sosial islahatlar paketinin icra olunduğunu deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramının yeni nailiyyətlərini diqqətə çatdırıb. O, cari ilin ötən dövründə minimum əmək haqları və minimum pensiyanın 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, mühüm sosial önəm kəsb edən bu və digər mühüm tədbirlərin 3 milyon vətəndaşın rifahına ciddi dəstək olduğunu deyib.
Nazir müharibə əlilləri və şəhid ailələrini əhatə edən mənzillə, avtomobillə, birdəfəlik ödəmə ilə təminat kimi sosial proqramları diqqətə çatdırıb. O, dövlət başçısının müvafiq Fərmanına əsasən yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və ilk DOST mərkəzi barədə məlumat verib. S.Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi kimi reallaşdırılan DOST layihəsinin 126 növdə sosial xidmətin “bir pəncərə”dən, şəffaf və operativ, nəzakətlilik və vətəndaş məmnunluğuna nail olunması prinsipi ilə təqdim edilməsinə imkan verdiyini vurğulayıb. Gələn ildən regionlarda da belə mərkəzlərin açılmasına başlanacağını, onlayn platformada geniş DOST xidmətləri sisteminin qurulacağını qeyd edib.
S.Babayev ölkəmizdə ilk proaktiv xidmət olan avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi, sosial təminat sistemi üzrə e-xidmətlərin əhatə dairəsinin genişləndirilməsi üçün aparılan işlər, əliliyin qiymətləndirilməsi, əmək müfəttişliyi sistemlərinin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib. Nazir ölkəmizdə sosial sahədə aparılan islahatların müsbət nəticələrinin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini vurğulayıb. O bunun növbəti təzahürü kimi, bu günlərdə Azərbaycanın ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemlərinin, habelə ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün ardıcıl və təsirli tədbirlərin və icra olunan özünüməşğulluq proqramının Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən uğurlu təcrübələr kimi xüsusi mükafatlara layiq görüldüyünü bildirib.
“E-sosial” internet portalı barədə məlumat verən S.Babayev yaxın günlərdə istifadəyə veriləcək “Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin elektron platformaya keçirilməklə keyfiyyətinin yüksəlməsinə imkan verəcəyini vurğulayıb. Daim yenilənən məlumat bazasına malik olacaq bu altsistemin işsiz və işaxtaranlarla yanaşı, işəgötürənlər üçün də xüsusi önəmini qeyd edib.
Qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün sistemli tədbirlərin görüldüyünü diqqətə çatdıran S.Babayev bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə minimum əmək haqqının artırılması, qeyri-leqal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusən özəl sektorda tətbiq olunan yeni vergi-sığorta güzəştləri, təbliğat-marifləndirmə işləri bu sahədə müsbət nəticələrini verir. Ötən il əmək müqavilələrinin sayında 91,3 min, bu ilin 5 ayında 94 mindən çox (dövlət sektoru üzrə 28 mindən çox, özəl sektor üzrə 66 mindən çox) artım özünü göstərib.
Cari ildə il 10 minədək ailənin özünüməşğulluq proqramına cəlb ediləcəyini deyən nazir “İşsizin DOSTu” proqramı, digər aktiv məşğulluq tədbirləri barədə də məlumat verib.
Sonra bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar edilib.
Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış və Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirən Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin