Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 16:48
"Prezident İlham Əliyevin "Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncamı 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərən sosial işçilərə də diqqət və qayğının bariz nümunəsidir".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, koronavirusla mübarizəyə Azərbaycan həkimləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudlaşdırıcı tədbirlərinə riayət etməyə çağıran Azərbaycan polisləri ilə birgə qoşulan sosial işçilər ahıl insanlara yardımlar edir və onların gündəlik qayğıları ilə maraqlanırlar:
"Qeyd olunan sərəncam koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədi daşıyır. Ölkəmizdə fəaliyyət göstərən sosial işçi institutu da bu gərgin günlərdə özünü müsbət tərəfdən göstərməklə fərqlənməyə müvəffəq olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərlə yanaşı, ölkənin müxtəlif İctimai birliklərinin və qurumlarının əməkdaşları öz dəstəyini əsirgəməyib və milli həmrəylik nümayiş olunub. Bu isə onu göstərir ki, koronavirus pandemiyası ilə mübarizədə fərqlənən hər bir vətəndaş özünü dövlət qayğısından kənarda hiss etmir".