Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 16:06
"COVID-19" koronavirus infeksiyasının müalicəsi üçün dərman axtarışına kömək etmək istəyən hər bir kəsə öz kompüterindən istifadə imkanlarını açmış "Folding@home" paylanmış hesablamalar layihəsi rekord sayda iştirakçı cəlb edib. Hələ fevralda, pandemiya elan edilməmişdən öncə bu təşəbbüsə təxminən 30 min aktiv könüllü qoşulmuşdu, amma son həftələr ərzində qoşulanların sayı 700 mini ötüb.
"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, bu həftə "Folding@home"un ümumi gücü 2,4 ekzaflopsu ötüb ki, bu da dünyanın 500 ən güclü superkompüterinin ümumi gücündən çoxdur. Məsələn, paylanmış superkompüter "TOP-500" reytinqinin lideri "IBM Summit" (148,6 petaflops) ilə müqayisədə 15 dəfə daha məhsuldardır.
"COVID-19" pandemiyasına qalib gəlməyə kömək edəcək həllərin axtarışında iştirak edənlər o qədər çox olub ki, layihənin bazasında, sadəcə olaraq, boş simulyasiya qalmayıb. Bu haqda layihənin rəhbəri Qreqori Bouman deyib. Daxil olan məlumat həcmi o qədər böyükdür ki, serverlər bu yüklənmənin öhdəsindən çox çətinliklə gələ bilirlər. İndi sözügedən təşəbbüsün müəllifləri mövcud olan hesablama imkanlarını nəzərə alaraq əlçatan model və simulyasiyaların artırılması ilə məşğuldurlar.
"Folding@home" layihəsi 2000-ci ildə Stenford Universitetinin alimləri tərəfindən istifadəyə verilib. İlk öncə məqsəd zülalın davranış proseslərinin kompüter modelləşdirməsi üçün paylanmış şəbəkənin yaradılması olub. Tədqiqatçılar molekulları araşdıraraq alsheymer, parkinson kimi xəstəliklərin yaranma səbəblərini daha yaxşı başa düşməyə çalışırlar.
Emil Hüseynov