Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 09:03
Bakı. Trend:
Neftçala rayonunun Bankə qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib.
Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, 14 aprel tarixində yanğın baş verən ərazinin yaxınlığında müvəqqəti yaşayan DSX-nin Sahil Mühafizəsinin hərbi qulluqçusu kiçik gizir Əliyev Vasif Asif oğlu yanğını görən kimi dərhal hadisə yerinə hərəkət edib.
FHN-in Yanğınsöndürmə komandası yanğının genişlənməsinin və digər evlərə keçməsinin qarşısını alarkən, həyatı üçün təhlükəyə baxmayaraq fədakarlıq göstərərək yanan evə daxil olan sərhədçi, köməksiz vəziyyətdə qalan qəsəbə sakini 1987-ci il təvəllüdlü Seyfullayev Famil Fədail oğlunu xilas edib.
Xilasetmə prosesində tüstüdən zəhərlənərək xəsarət almış kiçik gizir V.Əliyev təcili yardım maşını ilə Salyan rayon Mərkəzi Xəstəxanasına aparılmış və reanimasiya şöbəsinə yerləşdirilib. Hal-hazırda vəziyyəti yaxşıdır.