Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişilər bütün günü evdədirlər: İndi qadınların işi daha çətindir - Psixoloq

Kişilər bütün günü evdədirlər: İndi qadınların işi daha çətindir - Psixoloq

Tarix: 24 Aprel 2020 04:04

Koronavirus pandemiyası ilə əlaqədar elan edilən karantin rejimi bir çox ailələrin firavanlığına da təsir edib.

Əvvəl "can" deyib, "can" eşidən cütlüklər indi yola getmir, mübahisələr edirlər.

Bu, bir tərəfdən koronavirusun gətirdiyi psixoloji gərginliklə bağlıdırsa, ikinci səbəb həmişə işə gedən ailə başçılarının, yəni kişilərin indi evdə olmalarıdır. Görünür, koronavirus artıq ailələri də üz-üzə qoyub.

Sonxeber.net bildirir ki, bununla bağlı "Sherg.az"a danışan psixoloq Vəfa Əkbər münaqişə ilə nəticələnən amilləri qeyd etdi: "Əvvəla, onu deyim ki, birlikdə olmaq, cismən yaxınlıq hələ tərəflər arasında emosional bağın kifayət qədər olduğu demək deyil. Adətən münaqişəli ailələrdə tərəflər arasında emosional bağ lazımi səviyyədə inkişaf etmir, ya da heç olmur. Bu isə, necə deyərlər, birinin sözünün digərinin boğazından keçməməsi ilə nəticələnir. Həm də kişilər evdə qalmağa öyrəşmədikləri üçün darıxırlar. Buna görə də qadının işinə müdaxilə edir, "Niyə belə etdin?", "Niyə bunu ora qoydun?", "Nə üçün uşağa belə cavab verdin?" kimi suallarla onu qıcıqlandırırlar. Təbii ki, belə hallardan ən çox təsirlənən övladlar olur".

V.Əkbərin sözlərinə görə, indi qadınların işi daha çətindir: "İşləyənlər cəmiyyətdən tədric olunduqları halda, evdar qadınlar indi evdə izolyasiyaya məruzdurlar. Uşaq dərsə, ailə başçısı işə getmir. Ona görə də qadın vaxtını əvvəlki kimi rahatlıqla bölüşdürə bilmir".

Psixoloq ailələrə məsləhət də verdi: "Eyni evdə olmaq o demək deyil ki, tərəflər hər işi birlikdə görsünlər. Hərə öz işi ilə məşğul olmalı, sevimli hobbisiylə başını qatmalıdır. Elə təsəvvür etmək lazımdır ki, ev ofisdir. Dediyim kimi, hərə öz işinə köklənməli, ancaq səhər yeməyində, naharda və şam yeməyi zamanı bir araya gəlməlidirlər. Belədə ünsiyyət daha xoş olacaq, nəinki tərəflər bir- birlərinin dizinin dibindən ayrılmayanda. Yəni əvvəlki rutini pozmaq lazım deyil. Bununla yanaşı, gözləntilər də minimuma endirilməlidir. Hər xırda məqam üçün qarşı tərəfdən incimək, həddindən çox qayğı gözləmək düzgün olmaz".


Etiketlər:  Kişilər bütün günü evdədirlər İndi qadınların işi daha çətindir Psixoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ