Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 11:56
Bakı. Trend:
Ötən üç ayda Sabunçu rayonunda uzunluğu 20 kilometr olan küçə və yol təmir edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması üçün Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, AAYDA tərəfindən kompleks tədbirlər həyata keçirilib.
Qeyd edək ki, imzalanan sərəncama əsasən, Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə ilkin olaraq 3 milyon manat ayrılıb. Bu il rayon üzrə daha 28 kilometr yolun təmiri nəzərdə tutulur.
Agentlik tərəfindən Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 20 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 110 min kvadratmetrdən çoxdur. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb. Bunlar Pirşağı qəsəbəsi üzrə A.Ağazadə və Ə.Məlikov küçələri, Bağlar massivi, Maştağa qəsəbəsi üzrə S.Vurğun küçəsi, Zabrat qəsəbəsi üzrə R.Axundov və Qazıməmməd küçələri, Ramana qəsəbəsi üzrə İslam Rəhmanov, Mirəsədulla Qafarov, Cəfər Cabbarlı, Hüseyn Cavid və Xanlar küçələridir, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülüb.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yeni yol əsası inşa edilib. Daha sonra yollara yeni asfalt-beton örtüyü döşənib. Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılıb. Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan daha 28 kilometr uzunluğa malik 21 küçədə təmir işlərinin aparılması nəzərdu tutulur. Yaxın müddət ərzində bu istiqamətdə təmir işlərinin başlanılması planlaşdırılır.
Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına sözügedən rayonun Balaxanı qəsəbəsində ümumi uzunluğu 5,5 kilometr olan Şəfqət, M.Ə.Sabir, Gülüstan, Cahangir Cahangirov, Pir Məmməd, Müsəvi, Sarabski, Səfəvilər və Dirçəliş küçələrində, Zabrat qəsəbəsində ümumi uzunluğu 4 kilometr olan Neftçilər, Mirzəağa Əliyev, Bəxtiyar Vahabzadə, Nəcəfbəy Vəzirov, Hüseyn Cavid, Zivər bəy Əhmədbəyov küçələrində, həmçinin Nardaran qaəsəbəsi üzrə ümumi uzunluğu 18,5 kilometr olan Abşeron, Mübariz İbrahimov, Şeyx Əli Tuti, Asəf Zeynallı, M.F.Axundov və Səfxani küçələrində yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 kilometr uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.