Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 13:36
Ombudsmanın illik məruzəsi əhatəli və məzmunludur. Məruzədə insan hüquq və azadlıqlarının təminatı və qorunması ilə bağlı fəaliyyətlərin bütün istiqamətləri lazımi qədər təhlil olunub.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
O bildirib ki, xüsusilə beynəlxalq təşkilatlarla iş və beynəlxalq münasibətlərin inkişaf etdirilməsi ilə bağlı görülmüş işlərin vacibliyini vurğulamaq istəyir:
"Bu sahədə, xanım Ombudsman qısa müddətdə çox fəal iş görməyə nail olub. Azərbaycan dövləti ölkədə fundamental insan hüquq və azadlıqlarının təminatçısıdır və vətəndaşların bütün hüquqları müvafiq qanunvericilik aktları və sənədləri ilə tam şəkildə qorunur, bu istiqamətdə təkmilləşdirmə işləri davam etdirilir. Ölkə daxilində insan hüquqlarının müvəkilliyi hərtərəfli və qənaətbəxşdir. Lakin xarici əlaqələrin qurulması və dərinləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Belə ki, mütəmadi şəkildə haqsız və əsassız olaraq Azərbaycana qarşı bəyanatlar səsləndirən bəzi beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirməsi nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşımıza qarşı beynəlxalq hüquq və normaların bütün prinsiplərinin kobudcasına pozulmasına, onların elementar insan haqqlarının tapdalanmasına göz yumurlar. Məhz bu anlamda, Ombudsman Aparatının xarici əlaqələri, beynəlxalq müstəvidə həqiqəti anlatmaq, haqq səsimizin daha yüksəkdən eşidilməsi üçün apardığı iş mühüm əhəmiyyət kəsb edir".
Millət vəkili əlavə edib ki, xanım Ombudsman bir sıra mühüm təkliflərlə çıxış edib:
"Bu təkliflərin hər birinin aktuallığını qeyd etmək istərdim. Onlardan birinin üzərində xüsusi olaraq dayanmaq istəyirəm. Bu da dövlət hesabına maliyyələşən Xüsusi Aliment Fondunun yaradılması məsələsidir. Bu təklif əvvəllər də səsləndirilib, ancaq xanım Ombudsmanın bu məsələni yenidən önə çəkməsi onun önəmini bir daha göstərir. Əlbəttə ki, maliyyə mənbələri və işləmə mexanizmləri barədə düşünmək lazımdır. Ancaq məsələ barədə müzakirə aparmaq olar. Belə bir təsisat valideyni işləməyən uşaqların təminatı üçün əvəzsiz kömək olar. Bu, dövlətimizin hər zaman apardığı sosial yönümlü siyasətin rəhninə də uyğundur. Cəmiyyətimizdə hər zaman ailə-uşaq problemlərinə xüsusi həssaslıq olub. Düşünürəm ki, belə bir Fondun fəaliyyəti bir sıra sosial problemlərin həllində köklü dönüş yarada bilər".