Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 20:30
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu veteranlara diqqət və qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Hər zaman xatırlanan canlı tariximiz və qızıl fondumuz adlandırılan İkinci Dünya müharibəsi veteranlarının, eləcə də hər birimizin sevimli bayramlarından olan 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımların verilməsi artıq ənənə halını alıb.
İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" aprelin 24-də imzaladığı Sərəncamı tarixin qanlı-qadalı günlərindən dəyanətlə çıxmağı bacaran qəhrəman veteranlarımızın sevincinə səbəb olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Cəlil Xəlilov qeyd edib ki, bu, qarşımızda hansı sınağın olmasından asılı olmayaraq hər bir vətəndaşın diqqət mərkəzində olmasının daha bir əyani təzahürü oldu. Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncam ümumilikdə 7600 nəfərə şamil olunur. Onlardan 264-ü İkinci Dünya müharibəsində iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdir.
İldən-ilə güclənən Azərbaycan iqtisadiyyatının vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət etdiyini qeyd edən polkovnik deyib: "İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği də mütəmadi artırılır. Bu istiqamətdə növbəti artım kimi, ötən ilki ilə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb".
Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarına sahib çıxması, xüsusən veteranların, ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirləri həyata keçirməsi bu fəaliyyətin bariz və qürur doğuran nəticəsidir. Ötən il Prezident İlham Əliyevin "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır" şüarı ilə sosial islahatlar sahəsində müstəsna işlər həyata keçirildi. Bu gün dünyanı cənginə alan koronavirus pandemiyasının yayılmasına qarşı düzgün aparılan siyasət vətəndaşların sağlamlığının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlar təqdirəlayiqdir və hər bir veteran tərəfindən dəstəklənir. Bütün bunlara əsaslanaraq iftixarla qeyd edə bilərik ki, Azərbaycan hər bir sahədə dünyaya nümunə olmağı bacarır.
"Veteranlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir, onun Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə atdığı bütün addımları dəstəkləyir və bu istiqamətdə yorulmaz, əzmli fəaliyyətində müvəffəqiyyətlər arzulayırlar. Veteranlar hər zaman Prezident İlham Əliyevin yanındadırlar", - deyə Cəlil Xəlilov vurğulayıb.