Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 21:50
Nihat Məlik: Əgər bir insanın istedadı varsa, mütləq cəmiyyətdə özünə yer tapacaq
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
Onun ifa etdiyi mahnılar, eləcə də duetlər çox qısa zamanda sosial şəbəkələrdə izlənmə rekordları əldə etdi. "İnstagram"da 84 mindən, "Youtube" isə milyondan çox izləyicisi var. 9 yaşından səhnədə olan gənc ifaçı daha çox "mash up"larla gündəmə gəldi, tanındı və sevildi.
Beləliklə, "Fenomen" rubrikamızın qonağı gənc ifaçı Nihat Məlikdir. O bizimlə söhbətində "İnstagram"ın heç də məşhurluq göstəricisi olmadığından və gələcək hədəflərindən danışdı.
- Fenomen olmaq necə bir hissdir?
- Hesab etmirəm ki, böyük nailiyyət əldə etmişəm. Ancaq yaşıma görə bu qədər insan tərəfindən tanınıramsa, bunun özü də az nailiyyət deyil. Bu səviyyəyə gəlib çatmağım mənim arzum idi və öz arzularımı yaşayıram. Sevdiyim işlə məşğulam.
- Bu gün məşhurluğun əsas göstəricilərindən biri sosial şəbəkələrin qazandırdığı izləyicilərdir. Siz özünüzü sosial dünyanın fenomeni də hesab etmirsiniz?
- Əslində, bu, reallıqdır. Ancaq onunla razı deyiləm, bu, ədalətsizlikdir. Məşhurluq sosial şəbəkə ilə ölçülməməlidir. İfaçının səviyyəsi, keyfiyyəti sosial şəbəkələrdəki like-ları, izlənmə sayı ilə ölçülməməlidir. Mənim "Youtube"da, "İnstagram"da kifayət qədər izləyici sayım var. Ancaq bu, göstərici deyil. Onlar real izləyici sayı deyil. Misal üçün, xalq artistimiz Faiq Ağayevi hər kəs dinləyir, ancaq onu sevənlərin hamısı "İnstagram"da onu izləmir. Yəni, məşhurluq anlayışı, sənətçinin uğuru, dəyəri bununla ölçülməməlidir. Sənətçilərin tamaşaçıları ilə real görüşü üçün konsert proqramlarının keçirilməsinə şərait yaradılmalıdır. Pulsuz keçirilən konsertə gələn izləyici real tamaşaçıdır. Müğənnini sevən hər bir izləyicinin büdcəsi çatmaz ki, bilet alıb konsertə gəlsin.
- 9 yaşınızdan səhnədə olsanız da, ulduzunuz gec parlayıb. Sizcə, bunun səbəbi nədir?
- Günah mənim özümdə olub. Yaşım az olub, məni ciddiyə almayıblar. Buna baxmayaraq, həvəsdən düşməmişəm, təhsilimi davam etdirmişəm, üzərimdə çalışmışam. 18 yaşımda 4 mahnımın milyondan çox baxışı olub. Təkəbbürlük olmasın, bu heç də az uğur deyil. Məndən də savadlı, istedadlı, gözəl səsə malik olan gənclər var ki, bu gün gündəmdə yoxdurlar.
- Sizcə, onlar diqqət cəlb etmək, tamaşaçı toplamaq üçün nə etməlidirlər?
- Yolu Allah açmalıdır. Bununla bərabər, insan özü də hərəkət etməlidir. 6 il olar ki, özümdə həvəs görürəm. Bu gündən sonra gedib hansısa başqa işlə məşğul ola bilmərəm.
- Bəs necə oldu ki, şansınız döndü?
- 9 yaşımda Rəşid Behbudov adına Mahnı Teatrında solo konsert vermişdim. Bu, o yaşa görə heç də asan məsələ deyildi. Uşaq yaşımdan səhnədəyəm. 14 yaşımda Ramil Nabranla duet oxumuşam. Halbuki, 9 yaşımda Ramil Nabranın mahnılarını dinləyir, ona baxıb daha da həvəslənirdim. Zəhmətsiz heç bir uğur əldə etmək mümkün deyil. Düzdür, maliyyəsi hesabına da qabağa gedənlər az deyil. Ancaq o da bir yerə qədərdir. Yəni, pulu hesabına qabağa gedənlər sabun köpüyü kimidir. Pul bitdikdə, gündəmdən də düşürlər.
- Sizin geri dönüşünüz "mash up"larla oldu. Bu kimin ideyası idi?
- "Mash up" mənə uğur gətirdi. Ona qədər də uğurlarım olmuşdu. Belə ki, "Hardasan indi" mahnım Xəzər televiziyasında yayımlanan "Ata ocağı" serialının soundtreki idi. Ondan qabaq Ramil Nabranla "Sosial sevgi" mahnımız trendə düşmüşdü. Əldə etdiyim uğurlarımda R.Nabranın, DJ Roşkanın böyük rolu var. Onlarla birlikdə çalışmışıq. Ancaq arxamda dayanan, mənə maddi dəstək olan olmayıb. Heç bir maliyyəm yox idi. Maliyyə olsa, nəsə edə bilərdim. Elə olub ki, həsrətlə səhnəyə baxaraq demişəm ki, bir gün mən də o səhnəyə çıxacam. Bu gün o arzuladığım yerdəyəm.
- Demək hər şey hədəfdən asılıdır?
- Atar damar olmalıdır. "Edəcəm" deməməlisən, etməlisən. Bəlkə də uşaq olmuşam, əlimdən gəlməyib. 17 yaşımdan özümdən böyüklərlə dostluq etmişəm. Məndən kiçik dostlarım olmayıb. Dostluq etdiyim insanlardan məsləhətlər almışam. Çox şükür ki, yaxşı dostlarım olub və mənə doğru yol göstəriblər. Mənfi tərəfim odur ki, qızlarla çox söhbət edirdim. Bəlkə də buna görə sənətimə kifayət qədər zaman ayıra bilmirdim. Ancaq indi başa düşürəm ki, düz etməmişəm və dostlarım məni doğru yola çəkirlərmiş. Bu mənim mənfi xüsusiyyətlərim biri olsa da, artıq bunu da düzəltmişəm. Həyat ondan ibarət deyilmiş. Ondan sonra uğurlarım başladı. Həyatda hər şeyin öz vaxtı var.
- "Mash up" ifa edəndə, gözləyirdinizmi trend olacaq?
- Gözləyirdim. 18 yaşımdan oxuduğum mahnılara proqnoz verirəm və o proqnoz da özünü doğruldur. İfa etdiyim "Bəlkə də" mahnıma həddən çox əmək sərf etdim, orada canlı alətlərdən istifadə etdik, mahnıya yaxşı klip çəkdirdik. Amma həmin mahnı uğur qazanmadı. Mahnıya klip çəkdirəndə də dedim ki, bu mahnı tutmayacaq. Ancaq ifa etdiyimiz "mash up"larda o mahnıdakı qədər əziyyət çəkmədim. "Mash up"ları DJ Roşka və Rüstəmlə birlikdə işlədik.
- "Mash up"ların yeni-yeni trend olduğu ərəfələrdə bəzi bəstəkarlar və ifaçılar mahnılarını səsləndirməməyinizi istəmişdi. Buna reaksiyanız necə oldu?
- Əgər mənim mahnımı hər hansı bir gənc "mash up"da istifadə etsə, buna etiraz etmərəm. Düzdür, ifaçının bir mahnısını götürüb oxumağa qarşıyam. Ancaq "mash up"larda onların da mahnıları bir növ PR olunur. Belə ki, hər mahnı oxunanda, altından kimin mahnısı olduğu qeyd olunur. İlk dəfə "mash up" oxuyanda, Azərbaycanda bunu edən olmamışdı. Təcrübədən keçirdik, sevildi, trendə çevrildi. Biz "mash up"ın bu qədər seviləcəyini gözləmirdik. Oxuduq, arenjeman oldundu, "Youtube"a yerləşdirdik, səhəri baxdıq ki, hər yerdə həmin "mash up" dinlənilir. Bu da müğənniləri qıcıqlandırdı. Heç bir yerdə belə şey yoxdur. Dünyanın hər bir yerində böyük sənətçilər hər zaman gənclərə dəstək olur. Bizdə isə dəstək sözü ancaq dildə var, əməldə yoxdur. Sənətdə sözünü demiş, möhürünü vurmuş müğənni bizə deyir ki, "mənim mahnım sizin "mash up"larınızda səslənməsin". Niyə də? Pisdir ki, sənin mahnını reklam edirəm? İkinci dəfə "mash up" ifa edəndə, həmin ifaçıların mahnılarına yer vermədik. Ondan sonra isə özləri dedilər ki, bizim mahnılarımızı da əlavə edin.
- "Niyə öz mahnılarını oxumursan" deyən oldumu?
- "Mash up"ları öz mahnılarımızdan da hazırlamaq olardı. Ancaq belə populyar olmayacaqdı. Çünki birinci dəfə siyahıya son bir neçə ildə daha çox uğur qazanan mahnıları əlavə etmişdik.
- "İnstagram"da ən çox izlənilən gənclərdənsiniz. Daha çox izlənməyin sirlərini bilmiş olarsınız.
- "İnstagram"da daha çox izlənmək üçün heç nə etməmişəm. "İnstagram" üçün çalışmıram. Orda hamı necə, mən də elə, öz işlərimi paylaşıram. Açığı, çox da paylaşım etmirəm. Ancaq işimlə bağlı paylaşımlar edirəm və bununla da kifayətlənirəm. İnsanlar mənim sənətimi sevir və izləyir. Mənə görə isə, "İnstagram" bir göstərici deyil. Necə ki, "Facebook" yarananda hər kəs orda idi, paylaşımlar edirdi, indi dəbdən düşüb. Gün gələcək, "İnstagram" da elə dəbdən düşəcək. Texnologiyalar da müasir dövrün tələblərinə cavab verir. "İnstagram"da 10 000 izləyicin varsa, sən artıq ulduzsan demək deyil. Baxırsan ki, "İnstagram"da 500 000 izləyicisi var, ancaq tanınmır. Demək ki, burda bir əmma var. Buna inanmaq olmaz. Modellər var ki, modelliyə aidiyyatı yoxdur. Adını model qoyub, izləyici toplayır.
- Amma "İnstagram" səhifələrində hər kəs model, ifaçı və aktyordur...
- Olsunlar. Nəyi pisdir ki? Gedib avaralanmaqdansa, bir işlə məşğul olub başlarını qatırlar. Oğurluq etmirlər ki... Əgər bir işin ucundan yapışırlarsa, onun incəliklərinə qədər mənimsəsinlər. İşlərinə peşəkarlıqla yiyələnsinlər. İşə başdansovdu yanaşmaq olmaz. Bu sənin gəlir yerindir.
- Sizcə, bu gün sosial şəbəkələr gənclərin özlərini tanıtması üçün bir meydan rolunu oynayırmı?
- Mənim üçün sosial şəbəkələr göstərici deyil. Ancaq sosial şəbəkə ilə məşhurlaşanlar var. Əgər bir insanın istedadı varsa, mütləq cəmiyyətdə özünə bir yer tapar. "İnstagram"da məşhurlaşmaq peşəkar göstərici deyil. Sabah "İnstagram" olmasa, demək sən də yoxsan. Həyatını "İnstagram" üzərində quranlar var. Sabah o olmasa nə edəcək? Blogger işi "İnstagram"da video, şəkil paylaşmaqdır, ancaq ifaçının işi o deyil. İfaçının işi sənətidir. Ola bilər ki, istedadı var, ancaq ulduzu "İnstagram"da parlayıb. Ancaq danılmaz bir həqiqət də var ki, sosial şəbəkə daha böyük kütləyə çatır.
- Deyirsiniz ki, hazırda televiziya sosial şəbəkələrə məğlub olur?
- Mən "İnstagram"a daha çox baxıram, nəinki televiziyaya. Sosial şəbəkələrdə maraq dairəmizdə olan verilişlərə, mahnılara daha çox baxmaq imkanı əldə edirik.
- Əvvəllər albomlar sənətçilərin yaradıcılıq vəsiqəsi, möhürü hesab edilirdi. Bəs indi necə?
- İndi sənətçinin möhürü onun mahnılarıdır. Mənim öz saytım fəaliyyət göstərir. Bu sayt vasitəsi ilə hər bir insan rahat şəkildə haqqımda məlumatlar ala, ifa etdiyim mahnıları dinləyə və şəkillərə baxa bilər. İndi albomları bunlar əvəz edir.