Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 18:33
Bakı. İlhamə İsabalayeva – Trend:
Tədrisin ilk olaraq tələbələr və orta məktəblərin yuxarı sinif şagirdləri üçün bərpa ediləcəyi barədə məlumatlarda rəsmi mənbələrə istinad etməliyik. Tədris bərpa edilərkən daha geniş formatda məhdudiyyətlərə baxılacaq.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Tədris bərpa olunarkən partalar arasında məsafənin artırılması və şagirdlərin məcburi şəkildə tibbi maska taxması ilə bağlı qərarın verilib-verilməyəcəyinə gəldikdə, C.Bayramov bildirib ki, təhsil müəssisələrinin açılışı həyata keçirilən zaman sanitar-gigiyena qaydalarına əməl olunması məsələsi tibbi mütəxəssislərlə çox ciddi şəkildə müzakirə olunacaq. Qərarlar qəbul edilərkən onların sanitar vəziyyətlə bağlı tövsiyələri birmənalı şəkildə nəzərə alınacaq:
“Şagirdlərin ümumilikdə orta sıxlığı 20 nəfərdir. Lakin elə məktəblər var ki, orada şagird sıxlığı yüksəkdir. Ehtiyac yaranarsa, bu vəziyyətə uyğun olaraq həmin məktəblərdə tədrisin təşkili ilə bağlı qərarlar qəbul ediləcək. Tədris bərpa edilərkən ola bilsin ki, daha geniş formatda məhdudiyyətlərə baxılacaq. Ancaq o da mümkündür ki, buna ehtiyac olmayacaq”.