Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 19:27
Aprel ayının 29-da Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan modeli" mövzusunda videokonfras keçirilib.
YAP-dan Trend-ə bildirilib ki, onlayn müzakirədə Milli Məclisinin deputatları Ramin Məmmədov, Ramil Həsən, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə, o cümlədən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, ARGTMŞ-nın sədri Məryam Məcidova, "ASAN Könüllüləri" Gənclər Təşkilatının sədri Səbinə Cabarova, "CAVAN" Gənclər Hərəkatı İB-nin nümayəndəsi Murad Ağabəyli və YAP Nizami rayon təşkilatı GB sədrinin müavini Ramil Vəlibəyov iştirak ediblər.
Videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə sahəsində həyata keçirilən geniş miqyaslı tədbirlər müzakirə edilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin qəti tapşırıqları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, tərəddüd etmədən ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavirus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilib. Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koronavirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açıb.
Azərbaycan Respublikasının Prezidentinin son onillik ərzində səhiyyə sahəsində həyata keçirdiyi ardıcıl islahatlar, paytaxtda və regionlarda istifadəyə verilmiş müasir tipli xəstəxana kompleksləri, xəstəxanaların ən müasir tibbi avadanlıq və cihazlarla təmin olunması, həkimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində atılmış addımlar da respublikamızda rəqabətədavamlı səhiyyə səviyyəsinin formalaşdırılması ilə nəticələnib.
Videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Türk dövlətləri başçılarının onlayn fövqəladə Zirvə toplantısının keçirilməsi də əlamətdar tarixi hadisə kimi diqqətə çatdırılıb.
Vurğulanıb ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, ölkədə iş yerləri saxlanılıb, işçilərin ixtisar edilməsinə imkan verilməyib, 600 min nəfərdən çox aztəminatlı insanlara, iş yerlərini itirməli olmuş çalışanlara maddi dəstək verilib, vergi güzəştləri tətbiq olunub və ümumilikdə sosial-iqtisadi sahədə dayanıqlılığı təmin etmək üçün 3.5 milyard manat vəsait ayrılıb.
Bununla yanaşı videomüzakirə zamanı Azərbaycan xalqına düşmən kəsilmiş, daim anti-milli mövqedə durmuş radikal müxalifətin siyasi təxribatları, onların sosial şəbəkələrdəki Azərbaycan xalqının və dövlətinin milli maraqlarına zərbə vurmağa yönəlmiş fəaliyyəti də kəskin tənqid olunub.
Müzakirələrin ümumi nəticəsi olaraq deyilib ki, ölkəmizin bütün vətəndaşları kimi gənclər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə sahəsindəki ardıcıl, yorulmaz və məqsədyönlü fəaliyyətini, ölkə vətəndaşlarının mənafelərinə həsr edilmiş ümummilli siyasətini ürəkdən dəstəkləyir və müdafiə edirlər.