Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 17:33
Bakı. Trend:
Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailədə, ev mühitində qayğının təmin edilməsi hazırki karantin dövründə xüsusi əhəmiyyət kəsb edir. Bu kateqoriyadan olan uşaqlar üçün interaktiv inkişaf dərsləri və ünsiyyətqurma bacarıqları üzrə tövsiyələrin əhəmiyyətini nəzərə alaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Feysbuk səhifəsində 29 aprel 2020-ci il tarixdə valideynlər üçün "Karantin vəziyyətində sağlamlıq imkanları məhdud uşaqların psixoloji reabilitasiyası" mövzusunda onlayn müzakirə keçirilib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, müzakirədə iştirak edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə və psixoloqu Aysel Musayeva karantin şəraitində valideynlərin uşaqlara daha həssas yanaşmasının vacibliyini vurğulayıblar. Valideynlərə daha səbirli olmaq, uşaqlarla danışarkən səs tonuna diqqət yetirmək, yüksək səs tonundan çəkinmək tövsiyə olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin psixoloqu Günay Bədəlzadə valideynləri təmkinli olmağa dəvət ediblər. Qeyd edilib ki, valideynin karantin şəraitinə gərək olduğundan daha artıq aqressiv reaksiya verməsi uşaqlara da təsir göstərir.
Mütəxəssislər valideynlərin suallarını cavablandıraraq bildiriblər ki, ailədə sağlam psixoloji mühitin yaradılması, qorxu və təşvişin minimuma endirilməsi, karantin rejimi qaydalarına ciddi riayət olunması koronavirusdan qorunmaq üçün ən vacib tövsiyələrdir.