Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dələduzluq məqsədilə “MilliÖn” terminallarına müdaxilələr edilir - AÇIQLAMA

Dələduzluq məqsədilə “MilliÖn” terminallarına müdaxilələr edilir - AÇIQLAMA

Tarix: 30 Aprel 2020 17:52

"Bəzən vətəndaşlar tərəfindən bilərəkdən, dələduzluq məqsədilə "MilliÖn" terminallarına kənar müdaxilələr edilir. Bu səbəbdən də digər vətəndaşlar əməliyyat zamanı problemlə qarşılaşırlar. Belə hallarla bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat verilir".

Sonxeber.net xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında "MilliÖn" şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri idarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva vətəndaşların paytaxtın müxtəlif ərazilərində quraşdırılan "MilliÖn" terminallarının fəaliyyəti ilə bağlı şikayətlərinə cavab olaraq deyib.

O bildirib ki, terminallarda hər hansı texniki problemin olması istisna edilmir, lakin bu kimi problemlərin əksəriyyəti vətəndaşların terminallarla təlimatlara uyğun olmayan şəkildə rəftarı nəticəsində baş verir:

"Bizim müxtəlif ərazilərdə quraşdırılan terminallarımızda daimi olaraq problemin yaranması mümkün deyil. Çünki istər obyekt daxilində, istərsə də dayanacaqlarda quraşdırılan terminallar ərazi yaxınlığındakı təhlükəsizlik kameraları tərəfindən görüntülənir. Vətəndaşlar tərəfindən istər şifahi, istərsə də video formatında şikayətlər daxil olur. Məsələ ilə bağlı əraziyə əməkdaşlar göndərilir və əgər terminalda həqiqətən texniki problem varsa, dərhal aradan qaldırılır, qısa zamanda fəaliyyəti bərpa edilir.

Lakin təəssüf edirəm ki, dəfələrlə əməkdaşlarımız terminallarda kağız pulların yüklənməsi üçün qoyulan qəbuledicilərdən çoxsaylı yad cisimlər (kagız, çek və s.) çıxarıblar. Bəzən vətəndaşlar terminalların ekranına zərbə vuraraq onun fəaliyyətinə ziyan verirlər. Təbii olaraq, bu kimi hallar terminaldan növbəti dəfə istifadə edən vətəndaşa problem yaradacaq. Həmin şəxslər arasında bu yolla müştərilərin pullarının qəbuledicidə ilişib qalmasına, daha sonra həmin pulları oradan çıxarmağa cəhd edənlər də olub. Bununla bağlı əlimizdə olan faktlarla hüquq-mühafizə orqanlarına müraciət etmişik. Məsələ müvafiq qaydada araşdırılıb və öz həllini tapıb".

Ü.Əfəndiyeva onu da əlavə edib ki, vətəndaşların yaşadığı problemlər bəzən öz diqqətsizlikləri səbəbindən də baş verir:

"Terminaldan istifadə zamanı vətəndaş tələsir, kartını oxuyucuya düz qoymur və ya əməliyyat tamamlanmamış kartı oxuyucudan tez götürür ki, bu da problem yarada bilir. Daha sonra ödənişin yerinə yetirilmədiyindən şikayət edirlər. Demək istəyirəm ki, qeyd edilən şikayətlər bizim sistemdə yaranan texniki nasazlıqlar, digər vətəndaşların kənar müdaxiləsi ilə yanaşı, vətəndaşların səbirsizliyi səbəbindən də baş verə bilir. Lakin yekun olaraq məqsədimiz qeyd edilən problemlərin hansı səbəbdən yaranmasından asılı olamayaraq, vətəndaşa köməklik göstərməkdir. Onlardan da xahiş edirik ki, terminallardan istifadə edərkən bu kimi məqamlara diqqətlə yanaşsınlar".


Etiketlər:  Dələduzluq məqsədilə MilliÖn terminallarına müdaxilələr edilir AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ