Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 07:36
Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aprelin 27-dən aradan qaldırılıb. Fəaliyyətinə icazə verilən sahələrdən biri də fərdi tədris və repetitor (qrup halında məşğələlər istisna olmaqla) xidmətləridir.
Dövlət Vergi Xidmətindən Sonxeber.net-a bildirilib ki, repetitor xidməti göstərən şəxs əvvəl dərs keçdiyi yerə getmək və evində repetitor kimi fəaliyyət göstərmək üçün "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməlidir və bunun üçün onun VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) olmalıdır. VÖEN alması vətəndaşın sahibkarlıq fəaliyyəti ilə məşğul olması deməkdir, bununla o, gəlir əldə etməklə vergi tutulan müəyyən əməliyyatı yerinə yetirir. Başqa sözlə, VÖEN vətəndaşın vergi uçotuna alındığını göstərən sənəddir. Repetitor və buna bərabər təhsil xidməti göstərən hər kəs gəlir əldə etdiyi üçün VÖEN almalıdır.
VÖEN-i həm elektron qaydada, həm də vergiödəyicilərinə xidmət mərkəzlərinə gedərək əldə etmək olar. Hazırda ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı vergiödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti elektron qaydada davam edir və həmin mərkəzlər vergiödəyicilərinə bütün xidmətləri elektron formada göstərir. VÖEN əldə edilməsi barədə daha ətraflı məlumatla Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində "Fiziki şəxslər" bölməsindəki reqlamentlər vasitəsilə tanış olmaq mümkündür. https://www.taxes.gov.az