Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 10:28
Bir sıra məsələlərdə əksər ölkələrdən öndə olan Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində görülən işlərdə də dünyaya nümunə göstərilir. Bu da səbəbsiz deyil. Belə ki, ölkəmizdə yeni növ koronavirus infeksiyasının qeydə alındığı ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edən dövlətimiz infeksiyanın geniş yayılmasının qarşısını almaq üçün lazım olan bütün addımları atıb.
Sonxeber.net bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, bu məqsədlə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir. Belə ki, Azərbaycanda müvafiq dövlət qurumlarının çevik və koordinasiya olunmuş fəaliyyətini təmin etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və dövlət başçısının tapşırığı əsasında geniş Tədbirlər Planı təsdiqlənib. Mart ayının 3-dən etibarən respublika üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırılıb. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb, yaxud ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan olunub. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyətinin tətbiqinə başlanılıb. Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılıb. Eyni zamanda, pandemiya ilə mübarizə çərçivəsində reallaşdırılan sərt məhdudlaşdırıcı və sosial izolyasiya tədbirlərinə paralel olaraq səhiyyə xidmətlərinin gücləndirilməsi ilə bağlı da müvafiq addımlar atılıb.
Bütün bu tədbirlərin öz müsbət nəticələrini verdiyini deyən deputat bildirib ki, məhz bunlar nəzərə alınaraq ölkəmizdə aprelin 27-dən etibarən xüsusi karantin rejimində müəyyən yumşalmalar edilib. Bununla belə Vüqar İskəndərov hesab edir ki, bu, insanlara arxayınlaşmaq üçün əsas verməməlidir: "Biz xəstəliyin yeni dalğasına yol verməmək üçün ayıq-sayıq olmalıyıq. Yəni bilməliyik ki, COVID-19 xəstəliyi hələ tam yoxa çıxmayıb və məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar-gigiyenik normalara uyğun davranmasa yoluxma halları çoxala, bir sözlə bu arzuolunmaz prosesin ikinci dalğası başlaya bilər".
Deputat deyib ki, hər hansı arzuolumaz prosesin baş verməməsi üçün insanlar ehtiyac duyulmadığı halda evdən çölə çıxmamalı, xüsusilə də yaşı 65-dən çox olan vətəndaşlarımız qaydalara riayət eməlidirlər: "Bu məsələdə hər birimiz məsuliyyət daşıyırıq. Yəni, hər kəs bilməlidir ki, xüsusi qaydalara riayət etməsək və xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunacaq".