Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 11:09
Bakı. Trend:
Pandemiya dəhşətinə bürünmüş iki ay arxada qaldı. Bu gün dərk edirik ki, yaşadığımız həyəcan, yeni davranış və yaşayış qaydaları, özümüzə, yaxınlarımıza və ətrafdakı insanlara qayğılı münasibət hamımızı daha yüksək daxili intizama öyrətdi. Hər ailə öz evində qalıb geniş ünsiyyətdən məhrum olsa da, biz ayrılmadıq. Azərbaycanlıları daha sıx birləşdirən Prezident İlham Əliyevə güvənərək, onun əzəmətli çağırışından ilhamlandıq - Biz birlikdə güclüyük!
Trend-in məlumatına görə, bunu Bakı Slavyan Universitetinin professoru, Jurnalistika kafedrasının müdiri, Əməkdar jurnalist Şəlalə Həsənova söyləyib. O bildirib ki, COVID-19 bəlası Azərbaycanda böyük fəsadlar doğurmadı, çünki dövlətimizin başçısı xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini qorumaq üçün qabaqlayıcı mühüm addımlar atdı. Cari ilin fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, koronavirusun yayılmasına qarşı sosial təcridin gücləndirilməsi, bunun üçün böyük vəsaitin ayrılması, uşaqlar və gənclərin qorunması, ölkə daxilində gediş-gəlişin məhdudlaşdırılması, yaşlı nəslə qayğı ilə yanaşma pandemiyaya qarşı aparılan mütəşəkkil mübarizəyə dəlalət edir.
Məhz bu operativ və mütəşəkkil tədbirlərin nəticəsidir ki, karantin rejiminin yumşaldılması üçün ilkin şərait yaradıldı. Lakin yenə də davamlı olaraq Operativ Qərargahın müəyyənləşdirdiyi bütün tələblərə əməl edilməli və Prezidentin xalqa müraciətlərində vurğuladığı məqamlar hamı üçün rəhbər davranış qaydası olmalıdır. Bu, hər birimizin vətəndaş məsuliyyətidir! “Boş ver” deyib yersiz davranmağın, zərurət olmadan küçələri gəzməyin vaxtı hələ yetişməyib. Real təhlükə hələ tam dəf olmayıb. Amma belə görünür ki, yeni tətbiq olunan 3 saatlıq icazə imkanından yerli-yersiz istifadə edənlər bunu hiss etmirlər. Bu da bütün cəmiyyət üçün böyük təhlükədir. Bu cür laqeyd münasibət son nəticədə həm bu ya digər fərdin, həm də onun bütün ailəsinin yoluxmasına gətirib çıxara bilər.
Həyəcan təbilinin səsi hələ səngiməyib. Və bu səs ilk olaraq ziyalıları cəmiyyətin fikir öndərləri olmağa sövq edir. Düşünürəm ki, bütün həmvətənlərimiz üçün bu çətin məqamda məhz ziyalılar ətraflarındakı insanları məsuliyyətə çağırmalı və “Bir-birimizi qoruyaq!” həyat fəlsəfəsini təlqin etməlidirlər. Ziyalılıq hər şeydən öncə mənəvi sağlamlıq, daxili tərbiyə deməkdir. Gəlin hər birimiz ziyalı davranışı nümayiş etdirək və COVID-19-un tam dəf olunması üçün karantin rejiminin bütün qaydalarına ciddi riayət edək! Xalq Prezidentin qayğısını qiymətləndirməli və öz məsuliyyətini dərk etməlidir.