Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 15:51
Bakı. Trend:
Xüsusi karantin rejimi qaydalarına pozmaqda təqsirli bilinən “Birlik-B” MMC-nin direktoru həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin şəxsi heyəti tərəfindən ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı aparılan məqsədyönlü mübarizə tədbirləri davam etdirilir.
Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, “Birlik-B” MMC-nin təsisçi-direktoru Şahismayıl Orucov karantin rejimi qaydalarını kobud surətdə pozmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, o karantin dövründə sahibi olduğu MMC-yə qanunsuz olaraq işçilər götürərək onların adına özündə həqiqəti əks etdirməyən elektron müqavilələr bağlayıb. Daha sonra Şahismayıl Orucov həmin şəxsləri “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib onların xüsusi karantin qaydalarının tələblərinə zidd olaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.
Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Şahismayıl Orucov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.