Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 16:39
Nəşrinə 2008-ci ilin dekabrından başlanılan "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyi dövlətimizin uğurlu daxili və xarici siyasətini, ölkəmizin sosial-iqtisadi həyatının müxtəlif sahələrini, beynəlxalq aləmdə mövqeyini, bir sözlə, ən yeni tariximizi əks etdirən və bununla da fəaliyyət istiqamətlərimizi müəyyənləşdirən dəyərli kitablardır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu günlərdə çoxcildliyin yubiley nəşri - 100-cü kitabı çapdan çıxıb.
Məqsədə doğru inamlı addımlar
Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu "İlham Əliyev - İnkişaf məqsədimizdir" çoxcildliyi müasir həyatımızın güzgüsü, vaxtaşırı müraciət etdiyimiz nəşrlərdir. Birinci kitabda yer almış "Mən dəfələrlə demişəm, çalışacağam ki, Azərbaycan xalqına xidmət edim, Azərbaycan inkişaf etsin, zəngin dövlətə çevrilsin. Azərbaycanda yaşayan hər bir vətəndaş özünü rahat, sərbəst, azad hiss etsin, onun yaşayış səviyyəsi yüksəlsin" fikrini Prezident İlham Əliyev 2003-cü ildə Dövlət Müstəqilliyi Günündə Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərin suallarına cavabında söyləmişdi. "İnkişaf - məqsədimizdir" ifadəsinə bu gün milli deyil, qlobal müstəvidən yanaşsaq, görərik ki, çağırışlarla dolu dünyada öz yerini tutmaq istəyən, müasir həyatla ayaqlaşmağa çalışan hər bir ölkə inkişafa can atır. Son 17 ilin salnaməsi olan kitablar ölkəmizin keçdiyi misilsiz inkişaf yolu barədə oxucuda dolğun təsəvvür yaradır, Azərbaycanın inkişafı naminə görülən böyük işlər göz önündə canlanır.
Çoxcildlikdə Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuz qazanması istiqamətində atdığı inamlı addımları - dövlətimizin başçısının keçirdiyi görüşləri əks etdirən materiallar, söylədiyi nitq və çıxışlar, KİV-lərə müsahibələri, bəyanatları, məktubları toplanıb.
Azərbaycanın inkişafının obyektiv mənzərəsi
Əgər "Heydər Əliyev. "Müstəqilliyimiz əbədidir" çoxcildliyində dövlət müstəqilliyimizin bərpasının ilk mərhələsi əks olunubsa, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitablarında Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişafın Azərbaycan modelinin obyektiv mənzərəsi canlanır. Bu kitablar dövlətimizin başçısının uğurlu daxili və xarici siyasəti, Azərbaycanda baş verən sosial-iqtisadi inkişaf, həyata keçirilən inqilabi islahatlar barədə mötəbər məlumat mənbəyi kimi maraq doğurur.
Azərbaycanın son illərdə dünyaya təqdim etdiyi brendlərdən biri "ASAN xidmət"dir.
Prezident İlham Əliyev Kürdəmir rayonuna səfəri çərçivəsində "ASAN xidmət" mərkəzinin açılış mərasimindəki çıxışında bu barədə fikirlərini səsləndirib. Həmin çıxışın yeni kitaba daxil edilmiş mətnində oxuyuruq: "ASAN xidmət" mərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı. Bu bizim niyyətimizin, siyasətimizin təzahürü idi. Amma birinci mərkəzlər açılan zaman insanlara elə gəlirdi ki, bu, vətəndaşların rahatlığı üçün sadəcə, bir layihədir, xidmət layihəsidir. O vaxt bir çoxları bəlkə də dərk etmirdilər ki, bu, təkcə layihə deyil, bu siyasətdir, hərəkatdır, bu niyyətdir".
Yubiley nəşri 2020-ci ilin yanvar-fevral aylarını əhatə edir
Yüzüncü kitabda Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərinin materialları, müxtəlif ölkələrin dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və şirkət rəhbərləri ilə görüşləri haqqında informasiyalar toplanıb. Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunun rəsmi saytında dərc edilmiş "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsini də yubiley nəşrindən oxumaq olar.
Kitaba Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransının növbəti toplantısında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri çərçivəsində keçirdiyi görüşlər haqqında informasiyalar, "Enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada çıxışının mətni, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə iştirakı barədə materiallar daxil edilib.
Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.
"Azərnəşr" tərəfindən buraxılan 100-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.