Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müxtəlif ticarət və xidmət sahələri, ofislərin fəaliyyətinə dair qaydalar müəyyənləşib

Müxtəlif ticarət və xidmət sahələri, ofislərin fəaliyyətinə dair qaydalar müəyyənləşib

Tarix: 2 May 2020 17:22

Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodik vəsait təsdiqlənib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, sənəd müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür.

Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlara rast gəlinir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

Ümumi göstərişlər:

Xidmət sahəsi müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli tədbirlər:

• Müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması;

• Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;

• Bütün ərazilərin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi;

• Birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi;

• Əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə (zəruri sahələrdə) təmin olunması;

• Xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi;

• İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;

• Müəssisədə növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrinin təmin olunması;

• Ehtimal edilən yoluxma riskinin azaldılması məqsədi ilə təchizatçılar və müştərilər ilə rəhbərlik tərəfindən təyin olunmuş eyni əməkdaşların ünsiyyətdə olması;

• Mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi;

• Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin 1m-dən az olmamasının təmin edilməsi;

• Qida qəbulu zallarında yemək masaları arasındakı məsafənin 2 m-dən az olmamasının təmin edilməsi;

• Zalların və otaqların mütəmadi havalandırılması;

• İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;

• Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin tullantı qablarının təmiz saxlanılması;

• Müştəriləri məlumatlandırmaq məqsədilə infoqrafın müəssisənin giriş-çıxış qapılarında, soyuducuların qapılarında, rəflərdə, piştaxtalarda və rahat görünən digər yerlərdəasılması, həmçinin ödəniş həyata keçirilən zaman hər bir istehlak-çıya təqdim olunması.

Təmizlik və dezinfeksiya işləri:

Həyata keçirilən təmizlik-dezinfeksiya işləri xidmətin növü, təmasda olunan məhsulların xüsusiyyətləri, təmizlik-dezinfeksiya qaydaları nəzərəalınmaqla və müxtəlif təmiz-lik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi olaraq əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

• Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;

• Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;

• Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilir;

• Dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir.

Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:

• İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;

• Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;

• Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;

• Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;

• Dezinfeksiya işlərini həyata keçirən işçi heyət xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;

• Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;

• Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

Səthlərdə virusun qalma müddəti

Xidmət sahələrində dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:

• Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

• Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);

• İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

• Məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli məhlul və ya digər);

• Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);

• Döşəmələr (xlor tərkibli məhlul və ya digər);

• Soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

• Soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);

• Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

• Anbarlar (xlor tərkibli məhlul və ya digər);

• Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

• Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);

• Ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər);

• Kassada yerləşən konveyerlər (spirt tərkibli məhlul və ya digər).

İşçi heyətinin şəxsi gigiyenası

• Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir;

• İşçi heyətin əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməli, bununla bağlı tibb müəssisəsinə dərhal müraciət olunmalıdır.

Tibbi maskalardan ümumi istifadə qaydaları:

• Qapalı məkanlarda maskanın istifadəsi mütləq şərtdir;

• Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır;

• İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz;

• Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);

• Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;

• Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

• Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir;

• Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

Əllərin gigiyenasına dair tövsiyələr:

• Əllər axar su ilə isladılmalı və sabun ilə sürtülməlidir;

• Əllər sabunla birlikdə ovuşdurulmalıdır. Barmaqların və dırnaqların arası yaxşı sabunlanmalıdır;

• Sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalıdır;

• Əllər axar suyun altında mükəmməl durulanmalıdır;

• Əllər təmiz salfetlərlə qurulanmalıdır;

• Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməlidir.

İşçi heyətinin müayinəsi:

• İş zamanı özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir;

• İşə gəlməzdən əvvəl özündə COVİD-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY müraciət etməlidir;

• Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;

• Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.


Etiketlər:  Müxtəlif ticarət xidmət sahələri ofislərin fəaliyyətinə dair qaydalar müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ