Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 10:54
"Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev yeni Baş prokuror Kamran Əliyevi qəbul edərkən ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin prioritet istiqamətlərini bir daha diqqətə çatdırdı və korrupsiya cinayətinə yol verən heç kimin cəzasız qalmayacağını vurğuladı.
A.Həsənova bildirib ki, Azərbaycanın müstəqillik illərində korrupsiyaya qarşı mübarizə sahəsində həm qanunvericilik, həm də müvafiq dövlət strukturlarının yaradılması, kadr potensialının gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.
Deputat bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə müstəqil Azərbaycan dövlətinin prezidenti seçildikdən sonra həyata keçirilən islahatların mühüm tərkib hissələrindən biri də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlarına uyğunlaşdırılması olmuşdur.
Möhtərəm Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilərək daha geniş vüsət alıb: "Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı vaxtdan korrupsiyaya qarşı mübarizə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda beynəlxalq təcrübə nəzərə alınaraq korrupsiyaya qarşı mübarizə sahəsində mütərəqqi qanunvericilik bazası formalaşdırılıb, mühüm kadr islahatları və institusional tədbirlər həyata keçirilib.
Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi korrupsiya və rüşvətxorluğun qarşısının alnmasında mühüm rol oynayıb. Eyni zamanda cənab Prezidentin 2004-cü il 3 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması bu istiqamətdə atılan çox mühüm addım olub.
Bundan əlavə, ölkəmizdə həyata keçirilən Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planının həyata keçirilməsi korrupsiya və rüşvətxorluğun azalmasına səbəb olub".
Deputat vurğulayıb ki, Azərbaycan korrupsiyaya qarşı mübarizəyə dair beynəlxalq əməkdaşlığa da böyük önəm verir: "Ölkəmiz Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (QREKO), Çirkli Pulların leqallaşdırılmasına qarşı Ekspertlər Komitəsinin (MONEYVAL) və BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının müvafiq qiymətləndirmə mərhələlərini uğurla keçib".
A.Həsənova əlavə edib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər bu gün də uğurla həyata keçirilir və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atılır: "Məlum olduğu kimi, son dövrlərdə dövlət başçısının tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçılarının həbs edilməsi, o cümlədən digər yüksək rütbəli məmurlarının korrupsiya cinayətlərinin ifşa edilməsi korrupsiyaya qarşı mübarizənin nə qədər ciddi olmasını göstərməklə yanaşı, heç kimin korrupsiya cinayətindən yayına bilməyəcəyini sübut edir".