Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük çağırış və liderin xilaskarlıq missiyası

Böyük çağırış və liderin xilaskarlıq missiyası

Tarix: 4 May 2020 11:57

Prezident İlham Əliyevin koronavirusla mübarizəyə strateji baxışı bir uğur hekayəsidir

Təxminən yüz gündür ki, dünya gözəgörünməz düşmənlə - koronavirusla "ölüm, ya olum" savaşı aparır. Ciddi və sərt təcrid tədbirləri görülür. Sərhədlər bağlanıb. Təyyarələr uçmur. Qatarlar hərəkət etmir. Məktəblərdə dərslər dayandırılıb. Bütün kütləvi tədbirlər və idman yarışları ləğv edilib. İzdihamlı küçə və meydanlar, park və xiyabanlar səssizliyə bürünüb. Planetin 7 milyard əhalisinin yarısı - təxminən 4 milyard insan evə qapanıb.

Bununla belə, virusa yoluxanların, həyatını itirənlərin sayı günbəgün artır. Saatbasaat dəyişən rəqəmlər insanlığın üzləşdiyi böyük çağırışdan, milyonların faciəsindən xəbər verir. İtkilər fərqlidir - hər qitəyə, hər ölkəyə, hətta hər şəhərə görə dəyişir. Rəqəmlərin müqayisəsi ölkələr üzrə virusla mübarizənin səmərəliliyini ortaya qoyur. Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir.

Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb. Dövlət əhalinin ən müxtəlif təbəqələrinə maksimum sosial dəstək göstərir. Təsadüfi deyil ki, Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən ölkələr sırasında yer alıb.

Söhbətimiz dünyanı sarsıdan COVID-19 barədə, Azərbaycan Prezidentinin və dövlətimizin pandemiyaya qarşı mübarizə strategiyası, həmçinin yaşadığımız çətin günlərin bu və digər mühüm məqamları haqqındadır.

Dünyanı sarsıdan yüz gün

Ölkəmizdə pandemiya şəraitində atılan addımları, Prezidentin problemə strateji yanaşmasının üstünlüklərini realistcəsinə qiymətləndirmək üçün təxminən son 100 gün ərzində dünyada və məmləkətimizdə cərəyan edən hadisələrə nəzər salmağa ehtiyac var. Yəni qlobal problem özünə qlobal prizmadan baxış tələb edir. 

Dekabrın 31-də yeni koronavirusun törətdiyi xəstəlik barədə ilk informasiya yayıldı. Bu xəstəlik çox keçmədən epidemiyaya çevrilsə də, dünya nə baş verdiyinin fərqində deyildi. Amerikada, Avropada elə güman edirdilər ki, virusun onlara əli çatmaz. Dünya sanki bir anlığa qloballaşdığını unutdu və bu, ona çox baha başa gəldi. Söhbət artıq 3,5 milyondan çox yoluxmadan, 250 minə yaxın itirilmiş insan həyatından gedir. Virusun yayılmağa başlamasından ötən dövrü sözün birbaşa mənasında dünyanı sarsıdan günlər adlandırmaq olar. Yüz günə yaxındır ki, insanın virusla amansız çarpışması gedir və bunun nə vaxt bitəcəyini hələlik heç kəs dəqiq bilmir.

Bu yüz gündə nələr baş verdi, hansı mənzərələrin şahidi olduq?

Həyəcan təbili ilk olaraq yanvarın ortalarında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən çalındı. Bəzi ölkələr dərhal hərəkətə keçdi. Bəziləri buna ciddi yanaşmadı. Maraqlıdır ki, koronavirusla bağlı ən ağır vəziyyət fövqəldövlət olan ABŞ-da, öz səhiyyə sistemi ilə öyünən Avropada müşahidə olunur. Dünya üzrə yoluxmaların və ölüm hallarının böyük əksəriyyəti "varlı" Qərbin payına düşür. Paradoks olsa da, reallıq belədir. Almaniyanın populyar nəşrlərindən birinin gəldiyi qənaət diqqət çəkir: Avropa müharibədən sonra ən böyük sınaqla üzləşib. O, uğursuzluq ardınca uğursuzluğa düçar olur. Əgər belə getsə, Avropa İttifaqı dağıla bilər.

Hər bir dövlətin pandemiya ilə bağlı öz siyasəti, necə deyərlər, "milli" yanaşması var. Kim harada səhvə yol verdi, kim tədbir görməkdə gecikdi, yaxud problemi ciddiyə almadı? Bu kimi suallara cavab verməyi zamanın öhdəsinə buraxaraq, məsələnin insani tərəflərinə, ürək ağrıdan mənzərələrə nəzər salmaq istərdik. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətində qeyd etdiyi bir fikri xatırlamaq yerinə düşər: Özgə dərdi olmur. Ağrı və iztirablar sərhəd tanımır.

Mehriban xanımın təbirincə desək, "səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə, epidemiyanın yayılmasının qarşısını ala bilmədilər". Doğrudan da xəstəlik o qədər sürətlə yayılır ki, istənilən ölkənin səhiyyə sistemini çökdürə bilər. İnkişaf etmiş bəzi ölkələrdə xəstəxanaların dolub-daşdığının, xəstələrin dəhlizlərdə yerləşdirildiyinin, müalicə imkanlarının tükəndiyinin şahidiyik. Elə ölkələr oldu ki, xəstələr arasında seçim etmək məcburiyyətində qaldı. Qocalar evlərində yüzlərlə insan taleyin hökmünə buraxıldı.

Təbii ki, vəziyyət bu cür nəzarətdən çıxsaydı, bizi də oxşar aqibət gözləyə bilərdi. Üstəlik virus artıq qonşuluğumuza gəlib çatmışdı. Gediş-gəlişin gur olduğu sərhəd bölgələrində epidemiya hər an alovlana bilərdi.

Azərbaycan hökumətinin həmin vaxt və sonradan atdığı addımlar, qəbul edilən qərarlar göstərdi ki, vəziyyət gecə-gündüz Prezidentin nəzarətindədir. O, hadisələrin gedişini diqqətlə izləyir, risklər öyrənilir və dəqiq qiymətləndirilir.

Mərkəzində insan həyatı dayanan müdrik strategiya həm də Azərbaycan həkiminə inamı qaytardı

Koronavirusla mübarizəni bəzən müharibə ilə müqayisə edirlər. Hər bir müharibədə sərkərdənin döyüş strategiyası və dəqiq taktikası olur. İndiki halda isə bu çətindir: bir tərəfdən düşmən gözə görünmür, digər tərəfdən vəziyyət çox sürətlə dəyişir. 

Bu mürəkkəbliyə baxmayaraq, Prezident İlham Əliyevin problemə strateji baxışı və risklərin dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları əsas məqsədə - virusun yayılmasının qarşısının alınmasına və yoluxma zəncirinin qırılmasına gətirib çıxardı. "Bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir", - deyən Azərbaycan Prezidentinin siyasəti pandemiyanın ilk günündən buna hədəflənmişdi. Sərt və qabaqlayıcı tədbirlər nəticəsində vəziyyəti çox keçmədən nəzarətə almaq mümkün oldu. Yoluxanlarla sağalanların say nisbətində müsbət dinamika yarandı. Azərbaycan səhiyyəsi, o cümlədən tibb işçiləri çətin sınaqdan çıxmaq iqtidarında olduqlarını nümayiş etdirdi.

Koronavirus xəstələri əksəriyyəti son illərdə tikilmiş 20-dən çox dövlət xəstəxanasında mükəmməl müalicə alıb və almaqdadır. Epidemiyanın tüğyan etdiyi günlərdə 575 çarpayılıq ən müasir "Yeni klinika"nın açılması, Sumqayıt Kimya Sənayesi Parkında gündə 250 min tibbi maska istehsal edən müəssisənin işə salınması böyük üstünlüyümüz oldu. Hazırda Prezidentin göstərişi ilə modul tipli 10 xəstəxana inşa olunur. Bu xəstəxanaların işə düşməsi 2 min əlavə çarpayı deməkdir. Mart ayında istifadəyə verilmiş 1000 çarpayını, bu gün fəaliyyət göstərən 18 laboratoriyanı, həkimlərimizin yüksək peşəkarlığını və fədakarlığını da buraya əlavə etsək, səhiyyə sistemimizin bugünkü mənzərəsi və görülmüş işlərin miqyası tam aydınlaşar.

Müharibə termini ilə desək, bu gün ön cəbhədə vuruşan səhiyyə işçiləridir - həkimlər, tibb bacıları, sanitarlar, laborantlar və başqalarıdır. İnsan həyatı uğrunda mübarizədə yüksəkixtisaslı səhiyyə işçilərindən ibarət böyük bir ordu iştirak edir. İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban Əliyevanın "Instagram" səhifəsində paylaşdığı fikirlər fədakar tibb işçilərinin əməyinə verilən yüksək qiymət kimi diqqət çəkir: "Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb edir. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar".

Azərbaycanın COVID-19 xəstəliyinin müalicəsinin öhdəsindən bacarıqla gəldiyini yoluxma və ölüm hallarının müqayisəsində aydın görmək olar: İndiyədək koronavirusa yoluxmuş 1932 nəfərin 1441-i sağalıb, cəmi 25 ölüm halı qeydə alınıb. Hər iki göstərici üzrə istər ən yaxın qonşularımız - İran, Rusiya və Türkiyə, istərsə də ən çox inkişaf etmiş Avropa ölkələri - İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Belçika ilə müqayisədə qat-qat yaxşı vəziyyətdəyik. Azərbaycan əhali sayına nisbətdə yoluxma və ölüm hallarının ən aşağı səviyyədə olduğu nadir ölkələrdən biridir.

Prezidentimizin uzaqgörənliyi, müdrik qərarları, riskləri düzgün dəyərləndirməsi, xalqımızın həmrəyliyi hadisələrin ən pis yöndə inkişaf etməsinin qarşısının alınmasına vəsilə oldu və Azərbaycan həkiminə olan inamı qaytardı.

Müdrik qərarlar və epidemiya riskinin önünə keçən milli həmrəylik

Son 100 ildə bu miqyasda pandemiya görünmədiyindən, təbii ki, ona qarşı mübarizə vasitələri və təcrübəsi də yoxdur. Belə vəziyyətdə necə hərəkət etməli, nədən başlamalı? Hər bir ölkə bu suala öz-özlüyündə cavab axtarır, öz siyasətini formalaşdırır. 

İlk vaxtlar ölkədən-ölkəyə dəyişən fərqli yanaşmalar görürdük. Bəzi Avropa ölkələrində hesab edirdilər ki, nə qədər insan yoluxur-yoluxsun, səhiyyə sistemi bunun öhdəsindən gələcək. Yaxud Böyük Britaniya əhalinin virusa kütləvi yoluxması ilə "milli" immunitet yaranacağını düşünür, adi qaydada yaşamaqda davam edirdi. Ümumdünya Səhiyyə Təşkilatının həyəcan təbilləri çalmasına, təhlükənin ildırım sürətilə yaxınlaşmasına əhəmiyyət verməyən İtaliya və İspaniyada minlərlə futbol fanatı virusu şəhərdən-şəhərə, ölkədən-ölkəyə daşıyırdı.

Məsələnin ciddiyə alınmaması, ləngimələr, hökumətlərlə cəmiyyətlər arasında fikir ayrılıqları acı nəticələrə gətirib çıxardı. Bugünkü qlobal tablo çox kədərlidir: ABŞ - 1 milyon 188 min yoluxma və 68 min 602 ölüm; İtaliya müvafiq olaraq 210 min və 28 min 884; Böyük Britaniya 186 min və 28 min 446; İspaniya 247 min və 25 min 264; Fransa 168 min və 24 min 895 nəfər... Yaxud Avropanın mərkəzi olan Belçika əhalinin hər 100 min nəfərinə düşən koronavirus qurbanlarının sayına görə dünyada birinci yerdədir.

Parlaq təcrübələr də mövcuddur və bu sırada ən çox Cənubi Koreyanın, Yaponiyanın, Sinqapurun, elə Çinin özünün adı çəkilir. Bu siyahıya tam haqlı olaraq Azərbaycan da əlavə edilə bilər. Bizim ən böyük üstünlüyümüz virusla iki cəbhədə eyni qətiyyətlə mübarizə aparmağımızdır. Belə ekstremal vəziyyətlərdə sağlamlıq və sosial müdafiə amilləri gərək bir-birini qoşa qanad kimi tamamlasın. Prezident İlham Əliyevin siyasəti məhz bu yöndədir. Dövlətimizin başçısının dərin bilikləri, erudisiyası və uzaqgörənliyi qəbul edilən qərarların, atılan addımların ardıcıllığını, sistemliliyini, effektivliyini şərtləndirir. Azərbaycanın koronavirusla mübarizədə qazandığı üstünlüyü ilk olaraq burada axtarmaq lazımdır. Hadisələrin gedişinə və yığcam xronologiyaya nəzər salsaq mətləb öz-özlüyündə aydın olacaq.

Yanvarın 29-da Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının rəhbəri belə bir bəyanatla çıxış etdi: "Bütün dünya hazır olmalıdır. Bütün dünya hərəkətə keçməlidir və episentrdən və ya digər mərkəzdən meydana çıxacaq vəziyyətə cavab verməlidir".

O vaxt virus yenicə yayılmağa başlamış və hələ pandemiya elan olunmamışdı. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, bir çox ölkələrin liderlərindən fərqli olaraq Prezident İlham Əliyev o vaxtdan Vətənini və xalqını bu müdhiş bəladan necə qorumaq barədə düşünür, planlar cızırdı. Belə ki, Baş Nazirin sədrliyi ilə yanvarın 28-də hökumət komissiyası yaradıldı və iki gün sonra müvafiq fəaliyyət planı təsdiqləndi.

İranda koronavirusa ilk yoluxma barədə xəbər fevralın 19-da gəldi və həmin vaxtdan etibarən Biləsuvar və Astara sərhəd-keçid məntəqələrində buraxılışın yeni qaydaları tətbiq olunmağa başlandı, məhdudiyyətlər vəziyyətdən asılı olaraq getdikcə sərtləşdirildi. Tərəflərin qarşılıqlı razılığına əsasən fevralın 29-da İranla, sonrakı günlərdə isə qonşu Gürcüstan, Türkiyə və Rusiya ilə sərhədlər bağlandı. Azərbaycan öz sərhədlərini bağlayan ilk ölkələrdən biri oldu.

İlk vaxtlar xəstəlik ölkəyə xaricdən gələn insanlarda müşahidə olunurdu və bir müddət sonra daxildə yoluxma halları üzə çıxdı. Bundan sonra bütün qüvvələr və resurslar gözəgörünməz düşmənlə mübarizəyə səfərbər edildi. Vəziyyəti vahid mərkəzdən idarə etmək və birgə fəaliyyət göstərmək məqsədilə fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.

İlk addım olaraq martın 3-dən bütün təhsil müəssisələrində dərslər dayandırıldı (sonradan məlum oldu ki, Azərbaycan həmin vaxt dünya üzrə məktəbləri bağlayan ilk 12 ölkədən biri idi). Sonrakı günlərdə vəziyyətdən asılı olaraq ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq edildi, xüsusi karantin rejimi elan olundu. Nəhayət, martın 30-da COVID-19 infeksiyasının ölkəmizə geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edildi.

Zənnimcə, məhdudiyyətləri bir-bir sadalamağa və təfərrüata varmağa ehtiyac yoxdur. Bu günləri hər kəs öz həyatında yaşayıb və yaşamaqdadır. Önəmlisi odur ki, koronavirusa qarşı mübarizə tədbirləri səmərə verir və vəziyyət hər ötən gün yaxşılığa doğru dəyişir. Nəhayət, səbirsizliklə gözlənilən qərar verildi. Aprelin 27-dən və mayın 4-dən məhdudiyyətlər mərhələli şəkildə yumşaldılmağa başladı.

Əslində, bu cür fövqəladə vəziyyətlərdə çıxarılan qərar nə qədər mükəmməl və mühüm olsa da, işin yalnız bir tərəfidir. Yəni hökumətin öz sərt üzünü göstərməsi, sərbəst hərəkətə qadağa qoyulması birmənalı qarşılanmaya bilər. Bir qədər əvvəl ABŞ və bəzi Avropa ölkələrinin timsalında qeyd etdiyimiz epizodlarda cəmiyyətin iqtidarla həmrəy olmaması, karantin qaydalarını pozması öz mənfi, hətta faciəvi izlərini qoyub. Ölkəmizə gəlincə, fərqli, ürəkaçan mənzərəni görməmək olmaz. İnsanlar məhdudiyyət tədbirlərindən sıxılsa da, öz lideri, dövləti və hökuməti ilə həmrəylik nümayiş etdirir. Beləliklə, koronavirusla mübarizədə əsas silah olan sosial təcrid siyasəti uğurla reallaşır. Digər əsas hədəf vaxt qazanmaq idi və biz bunu da bacardıq. Nəhayət, tunelin sonunda işıq görünməyə başladı.

Qlobal təhlükəni ən az itkilərlə dəf edə bilməyimizin bir əsas şərti də bu oldu: xalq-iqtidar birliyi və hər cür virusdan güclü olan milli həmrəylik. Çətin sınaq daha bir həqiqəti ortaya qoydu: biz birlikdə güclüyük!

Virus üzərində tam qələbədən danışmaq hələ tez olsa da (bu, tibbin işidir, peyvənd tapılmasına bağlıdır), əminliklə demək olar ki, Prezident xalqını pandemiya risklərindən maksimum dərəcədə qoruya bildi.

Hər bir vətəndaşın yanında olan Prezident və hər bir vətəndaşına sahib çıxan dövlət

Pandemiya vəziyyətində hər bir dövlətin qarşısında iki əsas seçim dayanır: insanların həyatını qorumaq və iqtisadiyyatı xilas etmək. Azərbaycan o ölkələrdəndir ki, iqtisadi riskləri nəzərə almadan və tərəddüd etmədən birinci variantı seçdi. Bununla da sosial dövlət olduğunu bir daha təsdiqlədi. 

Sirr deyildi ki, məhdudlaşdırıcı tədbirlər iqtisadi inkişafa böyük zərbə vuracaq, büdcə gəlirləri azalacaq. Digər tərəfdən, Prezident karantin rejimindən zərər çəkən insanları, xüsusən kiçik sahibkarları, muzdla çalışanları, işsizləri və əhalinin digər həssas təbəqələrini düşünürdü. İnsanlar əmin idilər ki, hər zaman vətəndaşın yanında olan Prezident bu dəfə də onları tək qoymayacaq.

Belə də oldu. Hər bir vətəndaşına sahib çıxan dövlət çox mühüm iki dəstək paketi təqdim etdi.

Bu haqda söhbəti davam etdirməzdən əvvəl epidemiya dövründə əhalinin sosial müdafiəsi sahəsində görülən tədbirləri ardıcıllıqla nəzərdən keçirək. Martın 19-da Prezident İlham Əliyev pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa, sahibkarlıq subyektlərinə təsirinin azaldılmasını nəzərdə tutan Sərəncam imzaladı. Çox geniş spektrli Sərəncama əsasən yuxarıda qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı. Həmçinin pandemiyanın ölkə həyatının ayrı-ayrı sahələrinə təsirini qiymətləndirmək və təkliflər hazırlamaq üçün İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlərinin və Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə dörd işçi qrup yaradıldı. Pandemiyanın yaxın və orta müddətdə biznes mühitinə təsirini azaltmaq, iqtisadi artımın davam etməsini dəstəkləmək, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyənləşdirmək, sahibkarlıq subyektlərinə dövlət dəstəyi göstərmək, makroiqtisadi sabitliyi qoruyub saxlamaq istiqamətində və digər istiqamətlərdə təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim olundu. Hökumətin sonrakı qərarları bu təkliflər əsasında qəbul edildi.

Sərəncamda məşğulluq və əhalinin sosial müdafiəsi məsələsinə xüsusi yer ayrılıb. Nəticədə pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsi, həmçinin yaxın və orta müddətdə məşğulluq tədbirləri gücləndirilib.

Dövlət başçısının müvafiq Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında yuxarıda qeyd olunan istiqamətlər üzrə 10 tədbir əksini tapıb. Bu tədbirlərin 2,5 milyon insanı əhatə etməsi sosial dəstəyin indiyədək görünməmiş miqyasından xəbər verir.

Bir neçə əsas məqama diqqət yetirək. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən çox işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib, sahibkarlara müraciət olunub. Qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq.

Əhalinin məşğulluq imkanlarının artırılması məqsədlə DOST İş Mərkəzi tərəfindən 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb.

Pandemiya nəticəsində işsiz qalan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə həyata keçirilir. Prezidentin tapşırığı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və aprel-may aylarını əhatə edəcək. Aprelin 1-dən ünvanlı sosial yardım alan ailələrin sayında 10 min artım olub. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramından faydalanır.

Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və hazırda digər dövlət dəstəyi mexanizmləri üzərində iş aparılır.

Təbii ki, sosial dəstək paketləri böyük xərc tələb edir, dövlət büdcəsi üçün böyük yükdür: vergi güzəştləri də daxil olmaqla 3,5 milyard manat. Dövlət bu xərci ciddi iqtisadi risklər fonunda çəkir. Əgər güclü iqtisadi imkanlar olmasaydı, sosial siyasəti uğurla aparmaq da mümkün olmazdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən inqilabi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artırılması istiqamətində atılan addımlar nəticəsində ölkəmiz kifayət qədər güc toplayıb.

Təkcə bir neçə misal çəkmək yetər ki, son 15 ildə ümumi daxili məhsul 64 milyard manat artaraq 2019-cu ildə 81 milyard 681 milyon manata çatıb, yəni, beş dəfəyə yaxın çoxalıb. Bu ilin əvvəlinə ölkənin strateji valyuta ehtiyatları rekord həddə yüksələrək 52 milyard dollar təşkil edib. Valyuta ehtiyatları xarici borcu beş dəfədən çox üstələyir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir.

İqtisadiyyatı və maliyyə imkanları ildən-ilə artan Azərbaycan borc alan ölkədən, borc verən ölkəyə çevrilib. Pandemiya səbəbindən Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edən 150 ölkə arasında Azərbaycanın olmaması qürurvericidir. Azərbaycan bu çətin günlərdə pul üçün heç bir qapını döyməyib, əksinə, dost ölkələrə imkan daxilində yardım əli uzadıb.

Karantin rejiminin iqtisadiyyata mənfi təsirləri qaçılmazdır. Bu və digər risklərə baxmayaraq dövlət imkansız vətəndaşlara, zərər çəkmiş sahibkarlara yardım etməyi özünə borc bilir. Xalq da öz növbəsində bunu qiymətləndirir, dövlətinə hamılıqla dəstək olur. Göstərilən diqqət və qayğıdan riqqətə gələn vətəndaşlardan Prezidentə minlərlə məktub ünvanlanır. Bir hissəsi AZƏRTAC-ın kanalları ilə yayılan məktublarda sadə insanlar minnətdarlıq hisslərini səmimi şəkildə ifadə edirlər. Onların alqış nidaları dövlətin koronavirusla mübarizəsinə kölgə salmaq istəyən marginal qrupların və radikal müxalifətin səsini eşidilməz edir.

Yeri gəlmişkən, koronavirusla mübarizədə zəfərə yaxınlaşmağımızda qarşılıqlı dəstək mühüm rol oynayır. Mənəvi və maddi dəstəyin bir-birini tamamlaması əlavə güc mənbəyidir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu sınaq günlərində xalqa müraciəti, "Instagram" səhifəsində etdiyi səmimi paylaşımlar mənəvi dəstəyin parlaq nümunələridir. Mehriban xanım müdrik xalqımızın ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət kimi gözəl xüsusiyyətləri sayəsində bu ciddi çağırışın öhdəsindən gələ biləcəyimizə əminliyini vurğulayır. Hər kəsi dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq anlamağa, maksimum vətəndaş məsuliyyəti nümayiş etdirməyə səsləyərək deyir: "Məhz bu cür bir-birimizi qayğı ilə dəstəkləyərək, dözüm və anlayış göstərərək taleyin hökmü ilə üzləşdiyimiz qorxunc sınaqdan üzüağ çıxıb koronavirus üzərində qələbədən sonrakı həyat üçün hər kəsi qoruya bilərik. Bu qələbə mütləq baş tutacaq. Mən bu qələbəyə inanıram".

Pandemiya ilə mübarizəyə qlobal töhfələr və örnək ola biləcək təcrübə

Zaman belə bir həqiqəti təsdiqləyir ki, pandemiya ilə mübarizədə ümumi düşmənə qarşı birlikdə vuruşan ölkələr qalib gələcək. Bu mənada Azərbaycanın öncüllüyü diqqət çəkir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən Zirvə görüşü COVID-19 ilə mübarizədə beynəlxalq və regional əməkdaşlığa ilk və ciddi çağırış oldu. Zirvə görüşünə qatılan dövlət başçıları Azərbaycan Prezidentinin bu məsələdə liderliyini yüksək qiymətləndirdilər. Türk Şurasının Zirvə görüşü bu çətin dövrdə ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın böyük önəm daşıdığını ortaya qoydu. 

Azərbaycan Prezidenti, həmçinin Qoşulmama Hərəkatının təmas qrupu formatında "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənən və təqdir olunan bu təşəbbüs koronavirusa qarşı beynəlxalq əməkdaşlıq istiqamətində Azərbaycanın liderliyinin daha bir nümunəsidir.

Azərbaycan pandemiyadan əziyyət çəkən ölkələrlə özünəməxsus həmrəylik nümayiş etdirir. Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya, İspaniya, ABŞ, Türkiyə, Gürcüstan və digər ölkələrin dövlət bayraqlarının, həmçinin beynəlxalq təşkilatların bayraqlarının proyeksiya olunması xeyirxah məram kimi rəğbətlə qarşılanıb.

Ölkəmiz pandemiyanın başlanğıcından Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq edir. Azərbaycan Təşkilata 5 milyon ABŞ dolları vəsait ayırıb. Vəziyyətin dəyərləndirilməsi üçün Azərbaycana gələn mütəxəssislərdən ibarət heyət ölkəmizdə pandemiya şəraitində zəruri tədbirlər görüldüyünü bildirib, həmçinin müəyyən tövsiyələr verib. Daha sonra ÜST bəyanat yayaraq Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunə kimi göstərib. ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirərək deyib: "Mən Azərbaycan Prezidentinin bu mübarizədə milli, regional və qlobal səviyyədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir".

Eyni zamanda, pandemiya ilə mübarizədə Azərbaycan modelinə artan marağı da görürük. Bu model və təcrübənin əsas üstünlüklərindən biri qəbul edilən qərarların icra mexanizminə malik olmasıdır. Prezidentin rəhbərliyi ilə dövlət strukturlarının, hüquq mühafizə orqanlarının rəhbərlərindən, hökumət üzvlərindən və mütəxəssislərdən ibarət komanda gecə-gündüz işləyir. Biz bu gün ciddi məhdudiyyətlər və dövlətin sərt üzü ilə yanaşı, Prezidentin humanistliyini və qayğıkeşliyini bir arada görürük ki, bu da çox önəmlidir.

Azərbaycan bir çox ölkələrdən qabağa düşərək Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratdı. Dövlət ilk olaraq Fonda 20 milyon manat vəsait ayırdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva birillik əməkhaqlarını fonda ianə etdilər. Sonradan bu təşəbbüs genişlənərək xalqımızın xeyirxahlıq ənənələrinə yeni nəfəs verdi.

Vəziyyəti düzgün qiymətləndirmək və böhranla fasiləsiz məşğul olmaq üçün səmərəli işləyən komanda yaradılması, əhalinin həssas təbəqələrinə hərtərəfli dəstək tədbirləri, ümumilikdə koronavirusla mübarizədə Azərbaycanın təcrübəsi barədə ölkəmizdən kənarda da müsbət fikirlər səslənir. Heç bir şərh vermədən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin çıxışından bir sitatı diqqətə çatdırmaq istərdim: "Hesab edirəm ki, ötən bir neçə ay Azərbaycanın gözəl hekayəsi sayıla bilər. Sizin ölkə dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə də yeganə ölkəsiniz. Gün gələcək Azərbaycanla müqayisə aparılacaq. Gələn il bizim illik iclasımız olacaq və növbəti 2-3 il ərzində biz ölkələr üzrə dəyərləndirmə aparacağıq. Azərbaycan burada artıq öndədir".

Dünya ölkələri bir-birinə baxır, müsbət təcrübədən bəhrələnir, yaxud haradasa yol verilən səhvlərdən ibrət dərsi götürür. Bu mənada çox ibrətamiz olan iki situasiyaya daha ətraflı nəzər salaq. Xatırlayırsınızsa, Britaniya ilk vaxtlar tam fərqli mövqe tutmuşdu və heç bir məhdudlaşdırıcı tədbir görmürdü. İtirilmiş vaxt britaniyalılara baha başa gəldi. Pandemiyanın başlanğıcında Avropa ölkələrinin əksəriyyətindən az zərər çəkən ölkə indi koronavirusdan ölüm hallarının sayına görə İtaliyadan sonra ikinci yerdədir. Sonradan ciddi karantin tədbirləri görülsə də, yoluxma və ölüm hallarını azaltmaq mümkün olmur.

Yaponiyanın Hokkaydo adasında baş verən əhvalat isə dünya ölkələrinin bir çoxunun məhdudiyyətləri hədsiz yumşaltması fonunda daha ibrətamiz və səciyyəvi görünür. Fevralın sonlarında fövqəladə vəziyyət rejimi tətbiq edilən adada atılan qabaqlayıcı addımlar, uğurlu karantin dünyaya örnək göstərilirdi. Nəticədə martın ortalarınadək yeni yoluxma sayı sıfır nöqtəsinə yaxınlaşdı. Martın 19-da fövqəladə vəziyyət rejimi tam aradan qaldırıldı, aprelin əvvəlində məktəblər açıldı. Bundan cəmi 26 gün sonra epidemiya adanı ikinci dəfə, özü də daha sərt vurdu. Bu dəfə yoluxanların sayı gündə orta hesabla 300-ə qalxdı. Mütəxəssislər virusla belə ehtiyatsız davranışı Hokkaydonun uğur hekayəsinin üstündən xətt çəkən kobud səhv adlandırırlar.

******

Tarixboyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Böyük çağırışlar zamanı hər bir liderin üzərinə düşən əsas vəzifə məhz xilaskarlıq missiyasıdır.

Xatırlayın, 1993-cü ildə Heydər Əliyev ümummilli lider olaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərimizin siyasi varisi İlham Əliyev bu missiyanı indi pandemiya zamanı inamla və uğurla yerinə yetirir. Biz Prezidentimizlə birlikdə çox çətinliklərdən, sınaqlardan çıxmışıq. Koronavirusa da mütləq qalib gələcəyik. Əlbəttə, yenə də birlikdə!

Aslan Aslanov
AZƏRTAC-ın İdarə Heyətinin sədri,
OANA-nın vitse-prezidenti


Etiketlər:  Böyük çağırış liderin xilaskarlıq missiyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ