Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 23:08
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Sahil Babayev Prezident İlham Əliyevin sosial islahatlar proqramının yeni nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar barədə xanım M.Tembona məlumat verib.
O, əmək, məşğulluq, sosial təminat sahələrində innovativ həllərin tətbiqinə əsaslanan idarəçilik və xidmət mexanizmlərinin formalaşdırılması, proaktiv xidmətlərin tətbiqi və genişləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb. Nazir aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb, ötən dövrdə birgə reallaşdırılan layihələrin müsbət nəticələrini qeyd edib.
S.Babayev ölkəmizdə icra olunan özünüməşğulluq proqramının mühüm sosial-iqtisadi faydalarını diqqətə çatdırıb. Azərbaycanın digər bir sıra sosial layihələri ilə yanaşı, ötən ay bu proqramın da Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatına layiq görüldüyünü deyib.
Nazir bildirib ki, aztəminatlı əhali qruplarının gəlir imkanlarının artırılmasına, onların kiçik sahibkarlığa çıxışına şərait yaradan özünüməşğulluq proqramına cəlb edilənlərinin sayı ötən il 6,5 dəfə artırılaraq 7267 nəfərə çatıb. Bu il isə proqrama 10 minədək işsiz və işaxtaran şəxsin cəlb edilməsi nəzərdə tutulub. Dünya Bankı ilə əməkdaşlıq imkanlarından istifadə edilməklə, gələn il üçün proqram iştirakçılarının sayının 15 minə çatdırılması hədəfi müəyyən edilib. Bununla əlaqədar birgə fəaliyyətin təşkili ilə bağlı Dünya Bankının nümayəndələri ilə səmərəli müzakirələr aparılır.
Xanım M.Tembon ölkəmizdə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirlməsi sahəsində önəmli addımlar atılmaqla bərabər, bu qrupların səmərəli özünüməşğulluğuna, kiçik biznes imkanlarına yiyələnmələrinə şərait yaradılması üçün icra edilən özünüməşğulluq proqramının təqdirəlayiq olduğunu vurğulayıb. O bu proqramın ildən-ilə daha çox ailəni əhatə etməsi üçün aparılan işlərdə Dünya Bankının öz dəstəyini vermək əzmində olduğunu qeyd edib.
Görüş özünüməşğulluq proqramının genişləndirilməsi layihəsi, bu sahədə əməkdaşlığın detallarına dair müzakirə ilə davam edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin