Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 12:45
Bakı. Trend:
Rusiyadan qayıdan azərbaycanlılar göstərilən qayğıya və həssas münasibətə görə təşəkkür edirlər.
Trend-in məlumatına görə, əslən Masallıdan olan Məsləhət Vəliyev və Şabran rayonundan olan Elşən Əliyev pandemiya səbəbilə Rusiya Federasiyasında qalan və dövlətin köməyi ilə yenicə Azərbaycana gətirilən soydaşlarımızdandır. Onlar pandemiya başlayanda düşdükləri çətin vəziyyət və dövlətimizin gördüyü tədbirlər barədə danışır.
Əslən Şabran rayonundan olan Elşən Əliyev Rusiya Federasiyasına işləməyə gedib. Lakin gözlənilmədən dünyanı bürüyən koronavirus pandemiyası üzündən Azərbaycana, ailəsinin yanına qayıtmaq qərarına gəlib. Geri qayıda bilməyən Elşən Əliyev Dərbənd şəhərində 7 gün məsciddə, 7 gün isə mehmanxanada gecələdiyini deyir. O, bu çətin məqamda diaspor sədri Qəni Pənayevə müraciət etdiyini, Dərbənddəki azərbaycanlıların, Azərbaycan diasporunun, Diasporla İş üzrə Dövlət Komitəsinin, səfirliyin ona yardım etdiyini bildirir.
Məsləhət Vəliyev isə bildirir ki, aprelin 7-də Dərbənd şəhərinə gəlib, bir neçə gün gün orada qalıb və koronavirus pandemiyası səbəbilə çətin vəziyyətə düşüb. Bu müddətdə Diasporla iş üzrə Dövlət Komitəsi ona və yanındakı azərbaycanlılara dəstək göstərib, gündəlik ehtiyaclarını ödəyib.
Qəni Pənayev Dərbənddə yaşayır, İRS cəmiyyətinin sədr müavinidir. O bildirir ki, Azərbaycan vətəndaşlarının sərhədi keçə bilməməsindən xəbər tutan kimi həmvətənlilərimizə yardım etmək qərarına gəlib. Aprelin 4-ə qədər o özü şəxsi hesabına və İRS cəmiyyətinin hesabına sərhəddə qalan insanlara qida yardımı edib. Sərhəddə daha çox insanın toplaşdığını görən Qəni Pənayev kömək üçün Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Komitə dərhal bu barədə səfirliyi də məlumatlandırıb. O, dövlət qurumları ilə yanaşı azərbaycanlıların da soydaşlarımıza dəstək olduğunu bildirib. Göstərilən yardımlar sayəsində azyaşlı uşaqları olan ailələr üçün evlər kirayə götürülüb, onlara gündəlik ərzaq yardımı edilib.
Qəni Pənayev dərbəndlilərin və Dərbənd şəhər meri Xizri Abakarovun sərhəddə qalmış azərbaycanlılara köməyini də xüsusi vurğulayıb. O bilirib ki, Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət etdiyi ilk gündən etibarən onlarla hər gün əlaqə saxlanılıb, vətəndaşlarımızın vəziyyətilə maraqlanıblar.
Azərbaycana qayıdıb müvafiq karantin dövrünü keçən Məsləhət Vəliyev və Elşən Əliyev göstərilən qayğıya və həssas münasibətə, azərbaycanlıların vətənə qaytarılması istiqamətində atılmış addımlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.