Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2019 11:08
Bakı. Trend:
İyunun 2-dən 4-dək Vaşinqtonda Amerika Yəhudi Komitəsinin (AYK) illik qlobal forumu keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Birləşmiş Ştatların və İsrailin tanınmış dövlət xadimləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər. 2 mindən çox qonaq arasında 4 azərbaycanlı tələbə də olub. Onlar Diasporla İş üzrə Dövlət Komitəsinin və “ADA" Universitetinin dəstəyi ilə builki foruma qatılıblar.
Qeyd edək ki, Dövlət Komitəsinin nümayəndə heyətinin ötən il Vaşinqtona səfəri zamanı diaspor quruculuğu sahəsində qarşıya qoyulan məqsəd və vəzifələrdən irəli gələrək, AYK ilə birgə əməkdaşlığın mühüm sahələri, o cümlədən illik qlobal forumda Azərbaycan nümayəndə heyətinin iştirakı müzakirə olunmuşdu.
Xatırladaq ki, qlobal forum siyasi və informasiya-təbliğat məsələləri baxımından unikal konfransdır. Hər il 70 ölkədən 2500-dən çox qonaq dünya yəhudiliyinin gələcəyinə təsir edən həyati vacib məsələlərin müzakirəsi və təbliği üçün foruma toplaşır. Burada bütün dünyada artan antisemitizmə, ekstremizmə qarşı mübarizə aparılmasının, bəşəri dəyərlərin qorunması naminə insanların bir araya gəlməsinin vacibliyi müzakirə olunur. Forum iştirakçıları plenar iclaslarda nüfuzlu liderlərin çıxışlarını dinləyə, kiçik seksiya toplantılarında siyasi məsələlər üzrə ekspertlərlə, diplomatlarla və Konqres üzvlərilə görüşə bilirlər. Forumda İsrail dövlətinin və xalqının problem və imkanlarının öyrənilməsilə yanaşı, hər bir iştirakçının səsi eşidilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin