Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Azərbaycan elektrik enerjisinin və təbii qazın idxalçısından ixracatçısına çevrilib

Prezident İlham Əliyev: Azərbaycan elektrik enerjisinin və təbii qazın idxalçısından ixracatçısına çevrilib

Tarix: 9 May 2020 17:12

Bakı. Trend:

Son illərdə Azərbaycan elektrik enerjisinin və təbii qazın idxalçısından onların ixracatçısına çevrilib. 2003-cü ildən bəri Azərbaycanda 30-dan çox elektrik stansiyası tikilib. Bir neçə ildir ki, biz istehsal edilən elektrik enerjisinin artıq hissəsini ixrac edirik. Yeri gəlmişkən, biz ölkənin ekoloji vəziyyətinə böyük diqqət yetiririk, buna görə də son illərdə Azərbaycanda inşa edilən elektrik stansiyaları bütün ekoloji tələblərə cavab verir və respublikanın təbii qaz və su ehtiyatları əsasında işləyir.

Trend-in məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalına müsahibəsində deyib.

“Biz Azərbaycanda bərpaolunan enerjinin inkişafına da böyük diqqət yetiririk. Bu ilin yanvar ayında ilkin razılıq əldə edildi və bərpaolunan enerji sahəsində böyük təcrübəyə malik olan iki iri xarici şirkət Azərbaycanla ilkin sazişlər imzaladı. Həmin sazişlərə əsasən ölkəmizdə yalnız əcnəbi investorların hesabına ümumi gücü 440 meqavat olan iki elektrik stansiyası tikiləcək – biri külək enerjisindən, digəri günəş enerjisindən elektrik enerjisi istehsal edəcək.

Bizdə elektrotexnika sahəsinin infrastrukturu tamamilə modernləşdirilib. Davos Dünya İqtisadi Forumunun reytinqinə əsasən elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yeri tutur.

İri transmilli neft-qaz layihələrinin həyata keçirilməsi məsələsinə gəldikdə bizim enerji resurslarını bir neçə istiqamətdə ixrac edən 7 neft və qaz kəməri inşa olunub. Cənub Qaz Dəhlizinin tikintisi uğurla başa çatmaq üzrədir” , - deyə dövlət başçısı bildirib.


Etiketlər:  Prezident İlham Əliyev Azərbaycan elektrik enerjisinin təbii qazın idxalçısından ixracatçısına çevrilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ