Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 19:30
10 may müasir Azərbaycanın qurucusu, əbədiyaşar şəxsiyyət, müdrik dövlət xadimi, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Ulu öndərin idarəçilik fəlsəfəsinin əsasında daim gənclər siyasəti prioritet təşkil etmişdir. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri unudulmazdır. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Müdrik dövlət xadimi ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlandı. Gənclər siyasətinin bünövrəsi məhz həmin dövrdə qoyulmuşdur. Qeyd etmək zəruridir ki, keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olunmuşdur. Xalqın təkidli istəyi ilə 1993-cü ildə Prezident seçildikdən sonra da bu siyasət daha geniş, daha əhatəli davam etməyə başladı.
Ümummilli lider Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox mühüm və önəmli hesab edərək söyləyirdi: "Mənim üçün ən əziz nemət, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".
Ulu Öndər düşünürdü ki, yeni formalaşan nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakından asılıdır. Və bu məqsədlə respublikada gənclərlə bağlı bir sıra düşünülmüş addımlar atıldı və müxtəlif tədbirlər həyata keçirildi. İlk olaraq Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirlik qısa müddət ərzində gənclər siyasətinin əsas meyarlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. Gənclərin qayğıları, onları narahat edən problemlər, sağlam həyat tərzinin aşılanması, idmana olan həvəsin artırılması istiqamətində bu nazirlik uğurlu nəticələr əldə etməyi bacardı. Daha sonra Ulu Öndərin razılığı ilə 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Həmin ildə, ətrafında minlərlə gənci birləşdirən, ölkəmizin ictimai-siyasi həyatında aktiv fəaliyyəti ilə seçilən, ən nüfuzlu siyasi partiya olan Yeni Azərbaycan Partiyasının Gənclər birliyinin əsası qoyuldu. Azərbaycan gənclərinin ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Bir il sonra 2 fevral 1996-ci ildə Heydər Əliyev sarayında gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında əvəzsiz rol oynadı.
1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı. Məhz Ulu Öndərin təşəbbüsü ilə bir sıra dövlət idarələrində, nazirliklərdə yüksək ixtisaslı gənc kadrların işə cəlb olunması, müxtəlif məsul vəzifələrə təyinatları Azərbaycan gəncliyinə olan diqqət və qayğının təzahürü idi.
Bu gün Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycanda dövlət gənclər siyasəti yeni mərhələyə qədəm qoymuşdur. Təkcə onu demək kifayətdir ki, son 13 ildə Gənclərin 5 forumu keçirilmişdir. 2017-ci il 15 sentyabr tarixli sərəncamla Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə " Dövlət Proqramının qəbul edilməsi gənclər üçün yeni perspektivlərin reallaşmasına şərait yaratdı.
Bu gün cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti uğurlu nəticələr verməkdə davam edir. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır.
Ulu Öndər hər zaman gənclərə böyük ümidlər bəsləyər, onların gələcəyinə yüksək inamla yanaşardı. Biz gənclər hər zaman bu etimadı doğruldacağıq..
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının üzvü və "Qarabağ" döyüş növləri klubunun mətbuat katibi Eldar Orucov