Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Cisco” şirkəti arasında videokonfrans keçirilib (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Cisco” şirkəti arasında videokonfrans keçirilib (FOTO)

Tarix: 13 May 2020 10:00

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Cisco” şirkəti arasında birgə fəaliyyətin müzakirəsi və gələcək planların müəyyən edilməsi məqsədilə videokonfrans təşkil edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, videogörüşdə Azərbaycan tərəfi ilə yanaşı, “Cisco”nun vitse-prezidenti Qay Diedriç, Rusiya və MDB üzrə vitse-prezidenti Jonathan Sparou və Azərbaycan üzrə regional direktoru Vladimir Orlov, Azərbaycan üçün “Rəqəmsallaşdırma proqramı”nın rəhbəri Ramil Eyyubov iştirak edirdilər.

Videotədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı və qlobal iqtisadi-ticari proseslərə ciddi təsir etdiyi bir dövrdə yüksək texnologiyalardan istifadənin prioritet olduğunu deyib. Nazir bu səbəbdən cənab Prezident və digər hökumət təşkilatları üçün videokonfrans keçirmək məqsədilə müvafiq infrastrukturun qurulması istiqamətində yaxından əməkdaşlığa və dəstəyə görə “Cisco” şirkətinin rəhbərliyinə təşəkkür edib. Bildirib ki, göstərdiyi dəstəyə görə şirkətin Azərbaycan üzrə regional direktoru Vladimir Orlova 21 aprel 2020-ci il tarixində Fəxri Fərman təqdim olunub.

“Ölkəmizdə yüksək texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığımızın daha da genişləndirilməsi vacibdir. Hazırda şirkətinizlə birlikdə 8 rəqəmsal prioritet üzərində işləyirik. Bu layihələrin həyata keçirilməsi ölkədə innovativ texnologiyaların inkişafında mühüm rol oynayır”, – deyə Ramin Quluzadə əlavə edib.

“COVID-19” pandemiyası zamanı vacib vasitə olan videokonfranslar üçün “Connected Government” layihəsinin tətbiqindən danışan nazir bir sıra əhəmiyyətli görüşlərin “Cisco” şəbəkə texnologiyalarından və “Azcloud” platformasından istifadə edilərək təşkil edildiyini vurğulayıb. O, nazirliyin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”un özəl şirkətlər və dövlət orqanları üçün “Cisco” Görüş Serveri həlli mövzusunda “VCaaS” adı ilə tanınan videokonfrans xidmətinin tətbiqinə başladığını diqqətə

çatdırıb. Həmçinin xidmətin gələcəkdə uğurla davam etdirilməsi üçün onun lisenziya müddətinin uzadılmasını nəzərdən keçirmək təklifi ilə çıxış edib.

Ramin Quluzadə əməkdaşlığın vacib elementləri və prioritetlərinə toxunaraq bağlantı, eləcə də dekriminallaşdırma, “ağıllı” kənd təsərrüfatı və kibertəhlükəsizlik məsələlərini səmərəli şəkildə həyata keçirmək üçün birlikdə fəal işləndiyini qeyd edərək deyib: “Ağıllı şəhər” layihəsinə gəldikdə isə, “Əlaqələndirilmiş Mərkəzi Avtobus Dayanacağı” pilot layihə konsepsiyası uğurla tamamlanıb. 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə təqdim edilib. Azərbaycanın rəqəmsallaşdırma prioritetlərini tam müəyyənləşdirmək və ölkə iqtisadiyyatının inkişafında innovativ texnologiyaların tətbiqini genişləndirmək vacibdir. Bu səbəbdən, nazirlik yaxın vaxtlarda Azərbaycanda start veriləcək “Ağıllı şəhər” layihəsi üzrə məsləhətləşmələr haqqında məlumat toplamaq üçün bir çox beynəlxalq şirkətlərlə Məlumat Sorğusu paylaşıb. Eyni zamanda, “Cisco” və “Kvantella” ilə ölkənin bütün “ağıllı” sistemlərini birləşdirmək üçün “Tək Ölkə Tablosu” konsepsiyasını müzakirə edirik. “Ağıllı şəhər” layihəsi çərçivəsində göstəriləcək məsləhət xidmətlərinin “Cisco” tərəfindən maliyyələşdirilməsinə baxılmasını təklif edirik”.

Nazir Ramin Quluzadə çıxışında tədris sahəsində əldə olunmuş uğurlu nəticələrdən də bəhs edib: “Nazirliyin İKT-nin Tətbiqi və Təlim Mərkəzi “Cisco” Şəbəkə Akademiyası Proqramı ilə sertifikatlaşdırılıb. Bu Tədris Mərkəzi, həmçinin “Cisco”nun Azərbaycandakı ofisi tərəfindən pulsuz təchiz edilmiş avadanlıqla “Cisco” Tədris Laboratoriyasını inşa edib. “Connected schools” layihəsinin icrası da müsbət istiqamətdə inkişaf etməkdədir”.

Vladimir Orlov şirkətin Azərbaycandakı fəaliyyətinə davamlı dəstəyinə görə nazir Ramin Quluzadəyə təşəkkür edərək bildirib ki, “COVID-19” pandemiyası dövründə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vətəndaşların təhlükəsizliyini qorumaq üçün atdığı addımları yüksək dəyərləndirirlər.

V.Orlov qeyd edib ki, yerli komandamız bu çətin dövrdə fəaliyyətin davamlılığını təmin etmək üçün “Cisco” həllərini tətbiq etməklə Azərbaycanın bəzi hökumət qurumlarına vaxtında və uğurlu dəstək verə bildi.

O, çıxışının sonunda innovasiya və rəqəmsallaşma sahəsində ölkəmizin əsas tərəfdaşı kimi çıxış etmələrindən məmnun olduqlarını söyləyib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Cisco” şirkəti arasında videokonfrans keçirilib (FOTO) - Gallery Image Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Cisco” şirkəti arasında videokonfrans keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyi ilə Cisco şirkəti arasında videokonfrans keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ