Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 17:27
Bakı. Trend:
Belarus Respublikasının təşəbbüsü ilə videokonfrans formatında şəkərli diabetin profilaktikası və müalicəsi üzrə Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin ekspert şurasının iclası keçirilib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasın müzakirə olunan əsas mövzusu “Şəkərli diabet və COVID-19: beynəlxalq tövsiyələr və MDB üzv ölkələrinin təcrübəsi” olub.
Respublika Endokrinologiya Mərkəzinin (REM) direktor müavini Babək Salek Qənnadi, və İSİM-in Səhiyyə Siyasəti və Planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov Azərbaycan Respublikası tərəfindən videobağlantı vasitəsilə iclasa qatıldılar.
"İlk növbədə qeyd etmək istərdim ki, ölkəmizdə koronavirus infeksiyası ilə bağlı vəziyyət kritik deyil, çünki bu virusun yayılmasının qarşısını almaq məqsədi ilə vaxtında ciddi addımlar atılmışdır. Bu səbəbdən, Azərbaycan Respublikasında koronavirus xəstəliyinə tutulma halların statistikası o qədər də yüksək deyil və onların arasında şəkərli diabet xəstələri çox azdır. Hazırda ölkəmizdə COVİD-19 infeksiyasından təxminən 32 ölüm hadisəsi qeydə alınıb və onların arasında yalnız üç nəfərdə şəkərli diabet aşkar olunub. Həmçinin, şəkərli diabet xəstələri arasında koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün Endokrinologiya Mərkəzi canlı kontaktın maksimal dərəcədə azaldılmasını tövsiyə etmişdir. Şəkərli diabet xəstələri üç ay müddətinə tələb olunan dərman preparatlarını təmənnasız alıblar, qanda şəkərin səviyyəsini ölçmək üçün qlükometr cihazı ilə təmin olunublar",- deyə REM-in direktor müavini Babək Salek Qənnadi qeyd edib.
“Həmkarımın bildirdiyi kimi, Azərbaycanda karantin rejimi vaxtında tətbiq olunmuşdur. Bu müddət ərzində 65 yaşından yuxarı insanlara göstərilmiş sosial xidmətlərin rolu böyükdür. Nəzərə alaraq ki, ölkəmizdə kifayət qədər geniş profelli xəstəxanalar mövcuddur, COVİD-19 yoluxmuş və bununla yanaşı şəkərli diabetdən əziyyət çəkən xəstələr bu tibb müəssisələrində kompleks şəkildə tibbi xidmət almaq imkanına malikdirlər", - iclas zamanı çıxışında Nabil Seyidov qeyd edib.
Konfransın proqramının bütün istiqamətləri üzrə dolğun diskussiyanı təmin etmək üçün nümayəndə heyətində səhiyyə təşkilatlarının rəhbərləri, səhiyyə idarəetmə orqanlarının nümayəndələri, həkimlər və digər tibb işçiləri iştirak ediblər.