Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 10:42
Bakı. İlhamə İsabalayeva - Trend:
Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən cari ilin 15 may-5 iyun tarixlərini əhatə edən “Pəncərəmdən açılan mənzərə” adlı beynəlxalq uşaq fotomüsabiqəsinə start verilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, fotomüsabiqənin keçirilməsində əsas məqsəd dünya uşaqları arasında dostluq münasibətini möhkəmləndirmək, onlarda foto sənətinə maraq oyatmaq, mövzu ilə bağlı maraqlı fikir və düşüncələrini müəyyən etmək, istedadlı uşaqları üzə çıxarmaqdır.
3 nominasiya (“Pəncərəmdən açılan mənzərə”, “Adidə qeyri-adilik”, “Sevdiklərim”) üzrə keçirilən fotomüsabiqədə 3 yaş qrupundan (7-9, 10-13, 14-17) olan məktəblilərin iştirakı nəzərdə tutulur.
Müsabiqədə iştirak etmək istəyənlər fotoşəkilləri iyunun 5-dək 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron poçt ünvanına ([email protected]) göndərməlidir. Müsabiqəyə qatılan iştirakçı hər nominasiya üzrə 1 fotoşəkil təqdim etməklə bütün nominasiyalarda iştirak edə bilər.
Bütün nominasiyalarda hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək 5 iyun tarixində elan ediləcək və Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Həmçinin qalib fotolar sosial şəbəkələrdə və digər media qurumlarında geniş işıqlandırılacaq.
Qeyd edək ki, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən beynəlxalq fotomüsabiqədə ölkəmizdən paytaxt məktəbliləri ilə yanaşı Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, İtaliya, Niderland, Almaniya və digər xarici ölkələrin məktəbliləri də iştirak edəcək.