Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 11:24
Bakı. Elçin Mehdiyev – Trend:
Koronavirus Olimpiya oyunlarında iştirak edəcək idmançıların sayına təsir etməyəcək.
Bunu Trend-ə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Tokio 2020 Yay Olimpiya Oyunlarında iştirak üçün hazırlığın yüksək səviyyəsinə çatmış milli atletlərimizin karantin dövründə məşqləri barədə sualı cavablandırarkən deyib.
Ç.Hüseynzadə bildirib ki, karantin rejiminin yumşaldılmasına baxmayaraq, idmançıların məşqlərini pandemiyaya qədərki səviyyədə olduğu kimi tam şəkildə davam etdirmələrindən danışmaq hələlik tezdir. Bununla belə, karantin rejimi şəraitində idman növlərindən və onların xüsusiyyətlərindən asılı olaraq idmançılar mümkün imkanlar daxilində müəyyən hazırlıqlar görürlər:
“Bununla daha çox federasiyalar məşğul olur. Məsələn, atletikada olimpiya lisenziyaçımız Nazim Hüseynov təkcə ev şəraitində deyil, həm də öz məşqçisi ilə bərabər dəniz kənarında məşq edir və özünün fiziki hazırlığını möhkəmləndirir. Belə idmançıların sayı çoxdur və onlar öz idman növündə müxtəlif alternativlər tapıb məşq edirlər”.
Məşqlərin ev şəraitində davam etdirilməsinin idmançıların hazırlıq səviyyəsinə hər hansı mənfi təsiri ilə bağlı məsələyə münasibət bildirən Ç.Hüseynzadə qeyd edib ki, əlbəttə ki, məşqlərin bu formada davam etdirilməsi idmançıların hazırlığına təsir göstərir. Amma onsuz da idmançılar konkret olaraq hər yarış öncəsi, məşqlərini yarışlara uyğun şəkildə planlaşdırırlar:
“Hal-hazırda heç bir yarış planlaşdırılmadığı üçün onlar da öz fiziki formalarını qorumaq üçün məşq edirlər. Yarışların qrafiki hazır olandan sonra idmançılarımız daha ciddi hazırlaşmağa başlayacaqlar”.
Pandemiyanın Tokio 2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların sayına təsir göstərib-göstərməyəcəyi haqqında danışan Ç.Hüseynzadə idmançıların sayının azalmayacağını düşünür:
“Düşünmürəm ki, Olimpiya oyunlarında iştirak edəcək idmançıların sayında azalma olsun. Yəni yarışların bir il sonra keçirilməsi iştirakçıların sayına təsir etməyəcək, əksinə, bu təsir onların sayının artmasına xidmət edəcək. Bəzi idman növlərində lisenziyaların verilməyə başladığını nəzərə alaraq, yeni nəsil idmançıların da olimpiya oyunlarına vəsiqə qazanması üçün şərait yaradıla bilər”.