Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik: Şagirdlər arasında diaqnostik testlər keçiriləcək

Nazirlik: Şagirdlər arasında diaqnostik testlər keçiriləcək

Tarix: 15 May 2020 13:54

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali, orta ixtisas və peşə təhsili müəssisələri tərəfindən təklif edilən proqramların və peşələrin seçimində düzgün qərarların qəbuluna kömək məqsədilə şagirdlər arasında diaqnostik testlər keçiriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, təhsil-əmək bazarı arasında əlaqənin və təhsildən əmək bazarına keçidin təmin olunması sistem qarşısında duran mühüm vəzifələrdən biridir. Bu istiqamətdə Nazirlər Kabineti tərəfindən “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası” təsdiq edilib:

"Peşəyönümü xidmətin məqsədi şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə vaxtında məlumatlandırılması, onların meyil, maraq və qabiliyyətlərini nəzərə alaraq müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi, onlara peşə məsləhətlərinin verilməsi, karyera planlaşdırılması və ilkin sahibkarlıq bacarıqlarının aşılanmasıdır. Bu xidmət şagirdlərə ali, orta ixtisas və peşə təhsili müəssisələri tərəfindən təklif edilən proqramların və peşələrin seçimində düzgün və şüurlu qərar qəbul etməyə kömək edəcək.

Bu məqsədlə şagirdlər arasında diaqnostik testlərin və sorğuların keçirilməsi, onlar üçün yaxın ərazidə yerləşən müəssisələrə ekskursiyanın, peşə həftəsinin təşkili, peşələrə dair oyunların və yarışların keçirilməsi, müxtəlif peşə sahələrinə aid videofilmlərin nümayiş etdirilməsi, peşə seçiminə dair konfransların təşkili, müxtəlif peşə sahələrinin nümayəndələri ilə görüşlərin keçirilməsi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur".

E.Məmmədov əlavə edib ki, bu prosesin təşkilinə qeyri-hökumət təşkilatları və özəl müəssisələr cəlb ediləcək.


Etiketlər:  Nazirlik Şagirdlər arasında diaqnostik testlər keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ