Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 19:40
Müğənni İlahə Fəda Laçınla bağlı xatirələrindən danışıb.
Sonxeber.net xəbər verir ki, ifaçı ''Ölkə.az''-ın əməkdaşı ilə söhbətində öz kədərli xatirələrini yada salıb.
''Laçının bu gün işğal altında olması mənim üçün dərin bir yaradır. Laçınlıların ağlına gəlməzdi ki, bizim qulluqçularımız olan ermənilər bir gün torpağımızı işğal edəcəklər. Çünki millət olaraq bizim ürəyimiz təmizdir. Mən düşünəndə ki, Laçında doğulmuşam, özümü çox xoşbəxt hiss edirəm. Körpə dünyaya göz açdığı an ağlayır. Çünki onun ana bətnində ciyərlərinə hava dolur. Mən də eynilə o ağlayan körpə kimi dünyaya gələndə ciyərlərimə Laçının havası dolub. Məni ilk dəfə Laçının balı ilə mayalandırıblar. İlk dəfə Laçının suyunu içmişəm. İkimərtəbəli evimizin aynabəndini açan kimi ən gözəl mənzərəni görürdüm. Kəndimizin aşağısından çay axırdı. Biz o çayın səsi ilə yatıb, oyanırdıq. Yaz fəsli Laçının ən gözəl vaxtlarıdır. Mən burda vətənimdən uzaq asfaltın üstündə qalmışam. Çox heyif ki, qədrini bilmədik. 15 il Laçında yaşamışam. 1988-ci ildə ali təhsil almaq üçün bakıya köçmüşəm. Əgər mən bilsəydim ki, 1992-ci ildə Laçınım işğal olunacaq, mən o dörd ili də öz vətənimdə qalardım. Mənim öz kəndimizdən şəhidlərim var. Hansı ki, bu gün mən onları anmasam olmaz. Mənim doğma dayım oğlu Alxasov Qasım Laçında şəhid olub. İki sinif yoldaşım İsgəndərov Mirzə və Pənahov Səfir hələ də itkindirlər. Nə ölülərindən, nə də dirilərindən xəbər yoxdur. Onlar Laçın üçün döyüşdülər, ancaq qanları yerdə qaldı. Mən çox inanıram ki, bir gün şəhidlərimizin qanı yerdən götürüləcək və biz Laçınımıza qovuşacağıq''.
Qeyd edək ki, Laçın şəhəri 1992-ci il 18 may tarixində Ermənistan tərəfindən işğal olunub.