Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün 40 234 şagird üçün buraxılış imtahanı keçirilir

Bu gün 40 234 şagird üçün buraxılış imtahanı keçirilir

Tarix: 9 Iyun 2019 08:04

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçirilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, imtahanlar Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün nəzərdə tutulub.

Ümumilikdə 40 234 şagird imtahan verəcək.

İmtahan saat 11:00-da başlayır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- "İmtahana buraxılış vərəqəsi";

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 89 imtahan mərkəzi ayrılıb.

İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 3340 nəzarətçi‑müəllim, 286 buraxılışı təşkil edən əməkdaş, 89 bina nümayəndəsi ayrılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  gün şagird üçün buraxılış imtahanı keçirilir


RƏYLƏR