Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 17:32
"Araşdırmaların nəticələrinin müqayisəli təhlili göstərir ki, karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb. 2020-ci ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır. Bunun səbəbi karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması olub.
M.Babayev əlavə edib ki, karantin dövründə tətbiq olunan məhdudlaşmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib: "Məsələn, Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir".