Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın regionun təhlükəsizliyi üçün ən böyük təhlükə olduğunu bir daha sübut edir - Afət Həsənova

Ermənistanın regionun təhlükəsizliyi üçün ən böyük təhlükə olduğunu bir daha sübut edir - Afət Həsənova

Tarix: 22 May 2020 15:06

Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan qondarma "andiçmə" şousu Ermənistanın heç bir beynəlxalq sənəd və prinsiplərə məhəl qoymadığını və regionun təhlükəsizliyi üçün ən böyük təhlükə olaraq qaldığını bir daha göstərdi.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edən, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma "seçkilər"lə bağlı "andiçmə" şousunun təşkili, Ermənistanın nə qədər riyakar və destruktiv bir dövlət olduğunun daha bir bariz nümunəsidir:

"Ermənistanın bu məkirli addımı münaqişənin sülh yolu ilə tənzimlənməsinə böyük bir zərbədir və regionda vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan aydın şəkildə göstərir ki, münaqişənin sülh yolu ilə həll edilməsində heç bir marağı yoxdur və bu cür təxribat xarakterli addımlar atmaqla danışıqlar prosesini pozmağa və status-kvonu qoruyub saxlamağa çalşır. Bu şou, həmçinin Ermənistanda separatizmin dövlət siyasətinə çevrildiyinin əyani sübutudur.

Tarix boyu xalqımıza qarşı insanlığa sığmayan cinayətlər və qırğınlar törətmiş ermənilərdən riyakarlıqdan başqa heç nə gözləmək olmaz. Onlar daim xalqımızın qanına susayıb, dinc əhalimizə qarşı ən ağır cinayətlər törədiblər".

A.Həsənova qeyd edib ki, Azərbaycan əhalisi dəfələrlə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) ermənilər tərəfindən insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan qırğınlara məruz qalıb:

"1918-ci il martın 30-u, 31-i və aprelin 1-də ermənilər təkcə Bakıda 15 min azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər. Həmin ilin mart-may aylarında isə erməni silahlı dəstələri Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətməklə 50 mindən çox soydaşımızın həyatına son qoydular. Ermənilərin Qarabağda, Zəngəzurda, Naxçıvanda, Qars vilayətində törətdikləri qətllər də xüsusi qəddarlığı ilə seçilib. Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə yeksan edilib, yüz minlərlə azərbaycanlı qətlə yetirilib".

Deputat vurğulayıb ki, ermənilərin dinc Azərbaycan əhalisinə qarşı törətdiyi bəşər tarixinin ən qanlı qırğınlardan biri də Xocalı soyqırımıdır:

"Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir edilib".

A.Həsənova bildirib ki, xalqımıza qarşı törədilmiş bu qəddarlıqların fəal iştirakçısı olan Zori Balayanın "andiçmə" şousunda iştirakı Ermənistan rəhbərliyinin ciyatəkar mahiyyətini aydın şəkildə ortaya qoyur.

A.Həsənova qeyd edib ki, Ermənistan tərəfi öz təbirincə qondarma "seçkilər" keçirməklə, "andiçmə" şouları düzəltməklə və danışıqlar prosesini pozmaqla Azərbaycan torpaqlarının işğalını davam etdirməyə və status-kvonu saxlamağa çalışır:

"Ermənistan anlamalıdır ki, Azərbaycan gec-tez istər sülh, istərsə də hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək və ərazi bütövlüyünü bərpa edəcək. 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun gücünü bir daha göstərdi. Ermənistanın öz orduları barəsində uydurduqları mif bir anda məhv oldu. Ermənistan tərəfi başa düşməlidir ki, Azərbaycan ordusu daim güclənir və əgər aprel döyüşləri təkrarlanarsa, bu dəfə Ermənistan daha böyük fəlakətlə üzləşməli və acı məğlubiyyəti yaşamalı olacaq".


Etiketlər:  Ermənistanın regionun təhlükəsizliyi üçün böyük təhlükə olduğunu daha sübut edir Afət Həsənova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ