Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2020 16:34
Son günlər sosial şəbəkələrdə enerji içkilərindən birinin azyaşlı qız tərəfindən təbliği, reklam edilməsini özündə əks etdirən görüntülər yayılıb. Bu görüntülər isə istifadəçilər tərəfindən kifayət qədər ciddi müzakirələrə səbəb olub. Əksər istifadəçilər həmin enerji içkisini istehsal edən şirkətin bu addımını tənqid atəşinə tutub.
Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Eyyub Hüseynov - AİB-in sədri: "Bəli, enerji içkilərinin 18 yaşına çatmayan şəxslərə satışı qadağandır. Lakin biz görürük ki, bəzən qəbul olunmuş qanunların əksinə olaraq, həddi-buluğa çatmamış insanlara enerji içkilərinin satışı davam edir. Bəzən də onun hətta kiçik yaşlı uşaqlar tərəfindən reklamı var sosial şəbəkələrdə. Bu, əlbəttə, qanunun pozulmasıdır".
Yayılan videodan xəbərdar olduqlarını deyən sözügedən enerji içkisinin satışını həyata keçirən şirkətin meneceri Müşfiq Azəryar isə burada hər hansı bir qanun pozuntusunun olmadığını deyir. Çünki həmin içki enerki içkisi kateqoriyasına daxil deyil.
Müşfiq Azəryar - Menecer: "Tərkibində kofein və "C" vitamini var. Və orda da hec bir yaş limiti yoxdur. İndi, sözsüz ki, körpə uşaq yox, südəmər uşaq yox, hətta 12-13-15 yaş içə bilər. Yəni orda heç bir məhdudiyyət, heç bir limit yoxdur. Bankanın arxasında da qeyd etmişik və qida agentliyindən də onu qeydiyatdan da keçirmişik".
Bunun cəfəngiyyat olduğunu deyən ekspertlər diqqəti həmin enerji içkisinin qabının üzərindəki yazıya çəkir.
Eyyub Hüseynov - AİB-in sədri: "İçkinin üzərinə əgər "Enerji içkisi" yazılıbsa, artıq birmənalı şəkildə o enerji içkisidir. Əgər istehsalçı kiçik yaşlı, həddi buluğa çatmamış insana içkini reklam etdirirsə və hansısa pul müqabilində malın da üzərinə enerji içkisi yazıbsa, artıq ya o elə, doğurdan, enerji içkisidir, ya da istehlakçıları aldatmaq üçün jest edib".
Samir Qasımov - Vəkil: "Əgər məhsulun üzərinə "Enerji içkisi" sözü yazılıbsa, lakin onun tərkibində taorinin və yaxud digər insanın mərkəzi sinir sistemini stimullaşdıran maddələr yoxdursa, həmin enerji içkisinin tərkibinin texniki göstəricilərə uyğun olmaması özü də bir məsuliyyətdir. Buna görə də həmin içkini istehsal edən şəxslər, müəssisələr məsuliyyətə cəlb oluna bilər".
Qeyd edək ki, bu il yanvarın 1-dən Azərbaycanda enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları qüvvəyə minib. Yeni qaydalara görə, bu içkilərin üzərində qablaşdırılması, etiketlənməsi, daşınma və saxlanması, həmin məhsulların istehsalında istifadə olunan xammala dair məcburi tələblər əks olunmalıdır. Vətəndaşların satış müəssisələrində satılan enerji içkilərinin qaydalara uyğun istehsalı və satışı ilə bağlı şübhələri olduğu halda, AQTA-nın 1003 çağrı mərkəzinə zəng edib məlumat vermələri tövsiyə olunur.