Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 12:39
"Azərbaycanda son dövrlər həm qlobal səviyyədə, həm regional səviyyədə iqtisadi təsirlərin artması vadar edir ki, büdcə vəsaitləri qənaətlə xərclənsin".
Bunu Sonxeber.net-a İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.
İqtisadçı Azərbaycanın "Signify" şirkəti ilə əməkdaşlığa başlamasını ənənəvi enerji istehsalı mənbələrindən qurtulmaqla yanaşı atmosferin daha çox çirklənməsinin və böyük qəzaların qarşısını almaq baxımından vacib hesab edib:
"Bütün sahələrdə qənaəti əsas götürmək vacib bir məsələyə çevrilib. Təbii ki, yolların, küçələrin işıqlandırılması da məsrəflərə gətirib çıxaran məsələlərdən biridir. Elektrik enerjisinin istehsalı prosesində də "yaşıl enerji"yə keçid məsələsi bugünkü gün əhəmiyyət kəsb edir. Bu da nədən ibarətdir?! - Alternativ enerji mənbələri - Günəş enerjisindən, külək enerjisindən və s. alternativ mənbələrdən istifadə məsələsi gündəmə gəlir. Çünki ənənəvi enerji istehsalı mənbələrinin bəziləri atmosferi çirkləndirir, həm də müəyyən qəzalar zamanı özü ilə böyük fəlakət gətirir. Artıq inkişaf etmiş ölkələrdə uzun müddətdir işıqlandırmada qənaət rejimindən istifadə olunur. Azərbaycan da artıq işıqlandırmanın qənaətli istifadə olunması istiqamətində fəaliyyətə başlayır".
Ruslan Atakişiyev Azərbaycanın "Signify" şirkəti ilə işbirliyinin böyük planlara əsaslandığını qeyd edib:
"Bu baxımdan da Azərbaycan dünyada ixtisaslaşmış və daha çox peşəkar şirkətlərlə iş birliyi etməyə çalışır. Hesab edirəm ki, Azərbaycan digər layihələrdə olduğu kimi bu layihələrdə də ötürücü rolunu oynamaq istəyir".
Təhməz Təkin